Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Cənubi Koreya Milli Assambleyasının bir qrup deputatı Milli Məclisdə olub.
Teleqraf.com-un məlumatına görə, görüşdə Dünya Skaut Konfransının əhəmiyyəti, Azərbaycanda Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva koreyalı deputatlara Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Qeyd edib ki, dünyada miqrant problemləri müzakirə ediləndə bütün dövlətlər bu problemin həllinə nail olmağa çalışırlar, bundan çıxış yolu axtarırlar. Ancaq Azərbaycan illərdir ki, bu problemlə qarşı-qarşıya qalıb və bunun öhdəsindən gələ bilib.
Koreya nümayəndə heyətinin rəhbəri, Milli Assambleyanın üzvü Li Yu-Yanq bu səfərin onlarda zəngin təəssüratlar yaratdığını qeyd edib. O, Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində yaxın vaxtlarda Azərbaycanda Koreya mədəniyyəti günlərinin və digər tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb: “Koreya istehsalı olan texnologiyalar Azərbaycanın sərvətləri ilə birləşəndə böyük uğurlar əldə etmək mümkündür. Ölkənizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirik. Koreya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli şərait yaradılıb”.