Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc üçün avqustun 21-28-də Bakı şəhərində “Yay istirahət düşərgəsi” təşkil edilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, yay istirahət düşərgəsinin təşkil edilməsində məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin tarixi Vətənlə əlaqələrinin inkişaf etdirilməsi və onların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsidir.
Layihə çərçivəsində gənclər tarixi və görməli yerləri ziyarət edəcək, ölkəmizin tarixi, mədəniyyəti, müasir inkişaf səviyyəsi, beynəlxalq münasibətlər sistemində yeri ilə bağlı mühazirələr, seminarlarda iştirak edəcəklər.
Bu gün gənclər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin, Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra gənclər “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda yerləşən məşhur memarlıq abidələri – Qız qalası və Şirvanşahlar saray kompleksi ilə tanış olublar.