30 Avqust 2017 11:29
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirli bilinən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Əlikram Camalovun vəkili İmaməli Əsgərov çıxış edib.

İmaməli Əsgərov bildirib ki, təqsirləndirilən Samir Nəbiyev məhkəməyə ərizə göndərib: “O, ərizəsində qeyd edib ki, vəkili Ceyhun Yusifovdan imtina edib. Çünki Ceyhun Yusifov bir çox sayt və qurumlara onun adımdan açıqlamalar verib. Samir Nəbiyev həmin açıqlamadan imtina etdiyini, maddi imkanı olmadığı üçün Əlikram Camalovun pulunu qaytara bilmədiyini göstərib”.

Məhkəmədə söz alan Samir Nəbiyev həmin ərizəsini təsdiq edib.

Daha sonra İmaməli Əsgərov bildirib ki, müvəkkili Əlikram Camalov da məhkəməyə ərizə ilə müraciət edib. O, dəymiş ziyandan imtina edərək, Samir Nəbiyevi bağışladığını bildirib.

Samir Nəbiyevin vəkili Ceyhun Yusifov məhkəmədən müvəkkilinin ondan imtina etməsi barədə ərizəsinin qəbul edilməsini istəyib: “Hörmətli məhkəmə, mənə Samirin günahsız yerə tutulmaması lazım idi. Bu gün tərəflər barışdı. Ona görə də imtinamın qəbul edilməsini istəyirəm”.

Məhkəmə hər iki ərizəni qəbul edib və məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub. Dövlət ittihamçısı isə çıxışa hazır olmadığını bildirib və məhkəmədən vaxt istəyib.

Növbəti proses sentyabırn 5-də davam edəcək.

İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmağı təklif edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” mağazasına yatırım etməsini istəyib. Əvəzində qazancın yarısını ona vəd edib. Əlikram Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Samir Nəbiyev vəsaiti mənimsəyərək, Əlikram Camalova qaytarmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər