5 Sentyabr 2017 15:52
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmr imzalayıb.

Teleqraf.com xəbər verir ki, əmrə əsasən, tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.

Məqsəd Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyinin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onlara Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etməkdir.

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, 2017-2018-ci tədris ilində ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusunda keçirilməsi ilə əlaqədar ümumi təhsil müəssisələrində müvafiq hazırlıq işləri aparılmaqla ilk dərslərin şagirdlərin ifasında Azərbaycanın Dövlət himni ilə başlanmasını, mövzu ilə bağlı şagirdlərə onların yaş xüsusiyyətlərinə uyğun məlumatların çatdırılmasını təmin etsinlər. Bundan əlavə, həmin dərslərdə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin torpaqların işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatların verilməsini təmin etsinlər, həmçinin ümumtəhsil məktəblərində keçiriləcək “Bilik günü”ndə və ilk dərslərdə Qarabağ müharibəsi iştirakçılarının və əmək veteranlarının,ədəbiyyat və incəsənət xadimlərinin, rayon (şəhər) təşkilatlarının rəhbər işçilərinin, ictimaiyyətin, eləcə də şəhid ailələrinin nümayəndələrinin, sabiq məzunların iştirakını, ilk dərslərin yerli KİV-lərdə işıqlandırılmasını təmin etsinlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər