Sentyabrın 12-si və 13-də Bakıdakı otellərdən birində “Microsoft” korporasiyası və “PwC” beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyor və nümayəndələri Azərbaycanın Vergilər Nazirliyinin əməkdaşları üçün “Blokçeyn (Blockchain) texnologiyaları” barədə 2 günlük təlim keçirib.
Teleqraf.com xəbər verir ki, təlimin əsas mövzularından biri Blokçeyn texnologiyalarının vergi yığımlarında tətbiqi imkanlarının ekspertlərlə müzakirəsi olub. Dünya vergi administrasiyaları tərəfindən populyar kriptovalyutaların (bitkoin, eterium və digərləri) vergitutmaya cəlb edilməsi imkanları müzakirə edilib.
Bu baxımdan təlim zamanı kriptovalyutanın elektron ticarətdə geniş yayılmasının aktuallığı, kriptovalyuta dövriyyələrinə vergi orqanlarının monitorinqi, məlumatların toplanması və gələcəkdə dövlət tərəfindən bu sahənin tənzimləmə üsulları və imkanları barədə geniş fikir mübadiləsi aparılıb.