Bu ilin 7 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 26 azyaşlının həlak olması, 122 nəfərin isə xəsarət alması ciddi narahatlıq doğurur.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Dövlət Yol Polisindən (DYP) məlumat verilib.
Məlumatda bildirilib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndirilib: “Artıq bütün məktəblərin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb. Məqsəd dərs ilinin başlaması ilə əlaqədar yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir.
Son illərin təcrübəsi göstərir ki, bəzi valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır.
Xüsusilə, bəzi valideynlər övladlarını birinci sinifə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrabanın avtomobili də müşayiət edir və əksər halda dayanma-durma qaydalarını pozurlar. Vəziyyəti nəzərə alan yol polisi tədris müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda təhlükəsizlik tədbirlərini gücləndirib”.
DYP sürücülərin nəzərinə çatıdırır ki, məktəblər ətrafında süni sıxlığın, tıxacın yaranmaması, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda, təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün avtomobil sahibləri qanunun tələblərinə əməl etsinlər: “Əsasən avtomobillərin yolun ikinci hərəkət hissəsində saxlanmaması, dayanma-durma tələblərinin pozulmaması, ümumiyyətlə parklanmaya düzgün əməl edilməsi vacib şərtdir və hər bir sürücüdən qaydalara əməl etmək tələb olunur.
Unutmaq olmaz ki, avtomobili olmayanların, ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin övladlarının da təhsil almaq hüququ var və onların da məktəbə getmələrində ləngimə olmamalıdır.
Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığına da başlanılıb. Ölkədə, o cümlədən paytaxt ərazisində nəqliyyat vasitələrinin sayının ilbəil artaması fonunda ümumi yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda ölən və yaralananların sayının azalmasına baxmayaraq, cari ilin 7 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 26 azyaşlının həlak olması, 122 nəfərin isə xəsarət alması ciddi narahatlıq doğurur”.
DYP-dən qeyd edilib ki, “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.
Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsivə digər zəruri tədbirlər həyata keçirilib.