25 Sentyabr 2017 15:54
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə yarızarafat, yarıgerçək deyirdim ki, qızım, Allah səni mənə müəllim günümə hədiyyə verib. Mən də müəlliməm, Günel də müəllim idi...

Sentyabrın 14-də Bakının Yasamal rayonunda 39 saylı marşrut avtobusunun "İnşaatçılar" metrostansiyası yaxınlığındakı törətdiyi qəzada 1 yaşlı körpə oğlu Babəki kənara ataraq xilas edən, özü isə ağır yaralanaraq xəstəxanada dünyasını dəyişən Günel Əskərovanın anası Balaxanım Əskərova qızıyla bağlı xatirəsini danışır.

Teleqraf.com-un əməkdaşı mərhum Günel Əskərovanın ailəsində olub.

“Günel, niyə gəlmədin?”

“Oktyabrın 5-də Günelin 29 yaşı olacaqdı”. Balaxanım müəllimə bu sözü deyib ağlayır, danışmaq istəsə də, göz yaşları imkan vermir.

Nəhayət, içindəki kədəri boğur, qəza xəbərini eşitdiyi anı danışır: “Qəza günü Günelin nömrəsindən mənə zəng gəldi. Telefonu açdım, qarşı tərəfi dinləmədən: “Günel, sən niyə gəlmədin?”- deyə soruşdum. Bir kişi mənə telefonda dedi ki, “İnşatçılar” metrosu yanında yol-nəqliyyat hadisəsi baş verib, qızınız qəzaya düşüb. Telefonu atdım...”.

Günelin anası deyir ki, qızı hər gün səhər uşağı ilə onlara gəlirmiş: “Bu il analıq məzuniyyətindən qayıdıb işə çıxmışdı. Sentyabrın 15-də məktəbdə dərs deməyə başlayacaqdı. Uşağın bağçası da yaxındadı. Qəza baş verəndə 4-cü gün idi ki, uşağı bağçaya aparırdı.

Hər səhər uşağı ilə bizə gəlirdi. Balasını yedirdirdi, geyindirdi, sonra bağçaya aparıb, özü məktəbə gedirdi. Uşaq bizdə həmişə 20 dəqiqə yatırdı. Deyirdi, ana, 20 dəqiqəni də yatsın, sonra bağçaya aparım.

Həmin gün də Günelin gəlişini gözləyirdim... Amma qəza xəbərini aldım.

Qardaşlarım bizə yaxın yaşayırlar. Mən telefonu yerə atıb: “Ay qardaş, Güneli maşın vurub” dedim. Kiçik qardaşım qaçıb getdi. Mən də arxasıca... Hadisə yerinə çatanda avtobusun yarısı səkinin üstündə, yarısı küçədə idi. Günel yerə uzanmışdı. Heç kim köməyinə gəlməmişdi”.

“Kaş ayağını bir addım tez atardı...”

Balaxanım müəllimə deyir ki, Günel yarım saatdan çox orda qalıb: “Kimsə onu avtobusun altından çıxarmayıb. Şahidlərin dediyinə görə, 77 nömrəli marşrutun sürücüsü ilə 39 nömrəli marşrutun sürücüsü yarışıblar. Qızım da dayanacaqda düşüb səkinin üstünə çıxanda 39 nömrəli marşrut onu vurub.

Günel ayağını bir addım tez yuxarı atsaymış, heç nə olmayacaqmış. Kaş ayağını bir addım tez atardı.

Güneli avtobusun altından kiçik dayısı çıxarıb. Böyük qardaşım da hadisə zamanı ordan keçirmiş. Qızımın saçı üzünə dağınılıbmış, tanımayıb. Sonra görüb ki, kiçik qardaşım Güneli avtobusun altından çıxarır”.

Mərhumun anası deyir ki, təcili yardım maşını hadisə yerinə gec gəlib: “Qızımı xəstəxanaya aparanda nəfəsi üstündəydi. 1 saylı Kliniki Tibbi Mərkəzə apardıq. Həkimlər yox idi. Xəstəxananın qapısı bağlı, heç açmaq istəmirdilər... Birtəhər qapını açdırdıq. Həkim ayağını ayağının aşırıb dedi ki: “Mən cərraham, hec nə edə bilmərəm”.

Dedim, necə adamsız, burda cavan bir qız ölür, siz də rahatca oturursuz. Həkim müdaxiləsi olsa da, qızım öldü. O həkimi heç vaxt bağışlamaram. Qızımın heç yerinə heç nə olmamışdı. Bircə başı zədələnmişdi”.

Qızının səsini axtarır...

Həmsöhbətim ağlayıb susur. Sonra: “İndi sizə Günelin necə gözəl, qayğıkeş ana olduğunu göstərən səsinə qulaq asdıracam”- deyib telefonu əlinə götürür. Votsapda qızının adını axtaranda həyacanlanır, ağlayır, əlləri əsir. Səsi tapa bilməyəndə o biri qızını çağırır: “Yoxsa Günelin səsini pozublar?..”- təşvişlə soruşur.

Günelin uşağını bağçaya apardığı şəkilini görəndə ilk dəfə dodağına təbəssüm qonur. Günelin səsyazısını tapır. “Mənə nə qədər çətin olsa da, qızımın səsinə qulaq asaq, - deyir. - Bu səsi yazanda uşağı xəstələnmişdi. Evinə gedəndən sonra mənə səs gönədrdi: “Ana, narahat olma, qızdırması düşüb”. Mən də sakitləşdim”.

“Ürəyinə dammışdı...”

Günelin anası qızının fədakar ana olduğunu bildirir: “Hərdən deyirlər ki, uşağını xilas etməsəydi, bəlkə özü sağ qalardı. Deyirəm, yox! Uşağı ölsə, özü sağ qalsaydı, Günel dözə bilməzdi. Uşağa heç nə olmamışdı. Onu kənara atanda ayağı və alını göyərmişdi.

Günel rəhmli idi. İşinə ciddi yanaşırdı. Ana kimi gözəl ana, xala kimi gözəl xala idi. Övlad kimi isə sözlə ifadə edə bilmirəm. Üç qızım var. Hər biri mənə əzizdir. Günel evimizin kiçiyi idi. Böyük ürəyi vardı. İstəməzdi ki, balaca bir uşağın qəlbinə toxunsun. Ölümündən üç gün qabaq birlikdə mağazaya getdik. Uşağının payız, qış paltarları aldı. Elə bil ürəyinə dammışdı ki, aramızdan gedəcək”.

Günelin xalası Şəmistan müəllimə də söhbətə qoşulur, bacısına: “Günelin ad günü məsələsini də danış”- deyir.

Balaxanım müəllimə ad günündən danışır: “İyulun 23-də restoranda uşağa yaş keçirdi. Dedim, ay qızım, neynirsən, gərək ad günü keçirəsən?.. Dedi, ana, yox, oğluma ad günü edəcəm. Bəlkə mən heç onun toyunu görmədim...”

Söhbət zamanı Balaxanım müəllimə evdə kiməsə nəsə iş tapşırırdısa, “Günel, bu işi bu cür elə” deyirdi. Birdən hamını “Günel” çağırdığının fərqinə vardı: “Günel dilimin əzbəri olub. Evdə hər kəsi Günel çağıram. Onsuz necə qalacam, bilmirəm. Heç Günelin atasının ili də çıxmayıb.

Bu ilin noyabrında yoldaşımın ilidi. Bir dəfə uşaq vaxtı Günel xəstələnmişdi, onu xəstəxanaya yerləşdirdik. Atası ağlayırdı: “Günelə nəsə olsa, mən öləcəm”- deyirdi. Atası həmişə onun nazıyla oynayırdı”.

Sözün bitdiyi yer

Balaxanım Əskərova qızı ilə son söhbətini xatırladı: “Sonuncu dəfə ölümündən əvvəlki axşam danışdıq. Özü mənə zəng etdi. Dedi, ana, pərdələri yudum, onları paltaryuyan maşından çıxar ki, sabah aparacam. Axır sözü bu oldu...”.

Günel Əskərova Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyini bitirib. Analıq məzuniyyətində olanda belə kursa gedirmiş ki, dərsə başlayanda nəyisə unutmasın. Magistraturaya hazırlaşırmış. Vaxtilə respublika üzrə inşa müsabiqəsində qalibi olub.

Balaxanım müəllimə qızının ilk maaşını internat evindəki uşaqlara xərclədiyinui də xatırlayır: “İşə təzə başlayanda dedi ki, ana, ilk maaşımı qəpiyinə kimi uşaq evinə xərcləyəcəm. Bazar günü olduğu üçün uşaq evinə icazə verilmird. Özü müdriyyətlə danışdı, razılaşdırdı...

Qızım çox mərhəmətliydi. Qonşumuzda yaşlı qadın var. Ona həmişə Günel baxırdı. İndi o qadın hər gün 3 dəfə bizə gəlir. Mənim balam ölməli bala deyildi. Bizə dağ çəkib getdi... Qızım gələcəyin əsgərini qorudu. Babək bizimlə qalırdı. 1 həftəydi ağlayırdı. Günelin paltarın büküb yatızdırdıq...”

Balaxanım müəllimə əllərini üzünə tutur: “Mənim üçün artıq sözün bitdiyi yeridir”....


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər