Qax rayonunda ziyalı qadınların sayı çoxdur və onlar istər dövlət işində, istər ictimai sektorda, istərsə də şəxsi təsərrüfatda kifayət qədər fəaldırlar. Onların imkanları var ki, öz sahibkarlıq müəssisələrini, şəxsi bizneslərini qursunlar, bölgənin turistik imkanlarından istifadə edib sosial vəziyyətlərini yaxşılaşdırsınlar. Bunun üçün onlara azca təkan vermək lazımdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Qax rayonunun fəal xanımları “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin təşkilatçılığı ilə “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda keçirilən görüşdə səsləndiriblər.
“Qadın Liderliyi Uğrunda” İB-nin sədri Ülkər Abdullayeva bildirib ki, turizm və kənd təsərrüfatı potensialı olan bu bölgədə qadınlarla görüşün məqsədi ümumi vəziyyəti daha dərindən öyrənmək və onlara müvafiq dəstəyi verməkdir.
Tədbirdə YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova deyib ki, Qaxda qadınlar müvafiq dövlət idarələrində, məktəblərdə, bağçalarda, kitabxanalarda və s. işləyir, ictimai tədbirlərə qatılır, həm də şəxsi təsərrüfatlarını idarə edirlər. Onların imkanı var ki, geniş turizm resusrları olan bu bölgədə kiçik sahibkarlıq müəssisələri yaradıb rayon əhalisinin güzəranının yaxşılaşdırılmasına töhfələr versinlər. Qonşu Gürcüstanda turizm sahəsindəki uğurlara diqqət çəkən S.Əsgərova, oradakı imkanların bizdə də olduğunu, Qaxa daha çox turist cəlb etmək üçün zəruri addımları atmaq lazım gəldiyini deyib.
Rayonun fəal xanımlarından Səfyə Süleymanova deyib ki, Qax rayonu kişilər üçün cənnətdir. Onları çayxanalarda, pivəxanalarda nərd, domino, şahmat oynayarkən tapmaq olar. Amma qadınların istirahət etmək imkanları yoxdur. O, rayonda qadınların öz dərdlərini bölüşə, problemlərinin həllinə dəstək verə biləcək qadın klublarının yaradılmasına ehtiyac olduğunu deyib.
Qaxda qadınların çox işlədiyini vurğulayan tədbir iştirakçıları deyiblər ki, qadının çıxılmaz problemi olmasa, sevdiyi işlə məşğul olsa, ailədə zorakılıq görməsə, sevgi və sayğı ilə qarşılansa, heç vaxt özünü öldürmək fikrinə düşməz. “Bizim sadəcə xoş sözə, insani davranışlara ehtiyacımız var. Gərgin əməkdən sonra danlananda, xoş üz görməyəndə, həyatdan küsürük”, – deyə xanımlardan biri bildirib.
Tədbirdə o da səslənib ki, qadınların sosial-psixoloji problemlərinin həlli üçün ilk növbədə onlarda özünə güvən hissini formalaşdırmaq lazımdır. Bunun üçün maarifləndirici tədbirlər keçirilməli, qadınların sosiallaşmasına cəhd göstərilməlidir.
Qadınlara təşkilat üzvləri tərəfindən öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər, bisneslərini qurmaqla bağlı faydalı məsləhətlər verilib, motivasiya nitqləri söylənilib.
Qeyd edək, sözügedən görüş Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilib.