Qarabağ müharibəsi veteranlarına verilən vəsaitin miqdarı artırılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisdə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili illərdir veterenlara ayrılan məbləğin dəyişmədiyinə diqqət çəkib: “Qarabağ müharibəsi veteranlarının sayı 60 və ya 90 min, onlara ayrılan vəsaitlərin miqdarı 50 manatdır. Həmin vəsait təyin olunandan bu günə qədər dəyişməyib. Kommunal xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik edilməlidir”.
S.Novruzov onu da əlavə edib ki, bu məsələyə fərqli yanaşma var: “Azərbaycanda Qarabağ veteranları, Əfqanıstan veteranları, şəhid ailələri var. Bu insanların sosial müdafiəsi ilə məşğul olmalıyıq. Avtobusda gediş haqqı 20 qəpikdir, bu bahalaşacaqsa, onlara verilən vəsait də artırılmalıdır. Çünki xərclər çoxalır. Vətəndaşımız dövlət orqanından narazı düşmələli, öz haqqını almalıdır. Azərbaycanda şəhid ailələri və veteranlara evlər verilir, lakin Əfqanıstan veteranlarına verilmir. Hər ev paylananda bunların 4-5 nəfərinə ev vermək olar”.