Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Regional Tədris Mərkəzində "Ümumi tranzit proseduru və yeni kompüterləşdirilmiş tranzit sistemi" mövzusunda seminar işə başlayıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, seminar DGK-nın əməkdaşları üçün nəzərdə tutulub.
Təlimin açılış mərasimində DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov Avropa İttifaqında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) barədə məlumat verərək bildirib ki, bu sistem kağız üzərində hər hansı sənəd tərtib etmədən tranzit prosedurunun həyata keçirilməsinə imkan yaradır.
Avropa Birliyi ərazisində tətbiq edilən NCTS-ə Türkiyənin qoşulduğunu diqqətə çatdıran C. Qasımov Azərbaycanın da 2020-ci ilədək bu sistemə qoşulacağını, bununla da Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklərin qısa vaxt ərzində təyinat nöqtəsinə çatmasına şərait yaranacağını vurğulayıb.
İdarə rəisi onu da bildirib ki, yeni sistemin tətbiqi nəticəsində Azərbaycanın tranzit imkanları daha da artacaq, Azərbaycanda istehsal edilən malların asan şəkildə Avropaya ixracına münbit şərait yaranacaq.
Sonra Avropa İttifaqının eksperti – Slovakiyanın Maliyyə Direktorluğunun gömrük bölməsinin direktor müavini Marian Çodak NCTS-in əhəmiyyəti və üstünlüklərindən bəhs edib.
İki gün davam edəcək təlim zamanı Avropa İttifaqının ekspertləri M. Çodak və Slovakiyanın Maliyyə Direktorluğunun gömrük bölməsinin NCTS üzrə mütəxəssisi Miroslav Bujna ümumi tranzit proseduru, NCTS-də elektron prosedurlar, NTCS-də elektron TIR prosedurları və digər mövzularda məlumat verəcəklər.