“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamdan irəli gələn vəzifələrin vaxtında və tam şəkildə yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Baş Prokurorluq tərəfindən birgə işçi qrupu yaradılaraq müzakirələr aparılmaqla geniş təkliflər paketi hazırlanıb müvafiq qaydada təqdim edilib.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərovun “Trend” İnformasiya Agentliyində yerləşdirilmiş məqaləsində öz əksini tapıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında qanunvericilik orqanına təqdim olunmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin 20 oktyabr 2017-ci il tarixli iclasında qəbul edilib:
“Qeyd etməliyəm ki, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun demokratik məzmununa, sosial mahiyyətinə, cinayət qanunvericiliyinə edilən yeniliklərin sayına və həcminə görə bu qanunvericilik sahəsinin indiyədək mövcud olmuş təkmilləşdirilməsi təcrübəsində ən önəmli yer tutur. Yeni qanunla Cinayət Məcəlləsinə edilən dəyişikliklər cinayətlərin, xüsusilə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılmasını, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ olan, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların əlavə edilməsini, azadlıqdan məhrum etməyə alternativ cəzaların tətbiqi əsaslarının genişləndirilməsini, bu məqsədlə Cinayət Məcəlləsinə yeni cəza növü kimi-məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasının daxil edilməsini, zərərçəkmiş şəxslə barışıq institutunun daha da təkmilləşdirilməsini və digər məsələləri əhatə edib.
Yeni qanuna əsasən, Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilərək, məcəllədə indiyədək nəzərdə tutulmuş 18 cinayət əməli dekriminallaşdırılıb, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsasları genişləndirilərək, 24 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi, 25 cinayətə görə ziyanın ödənilməsi və dövlət büdcəsinə ödənişin edilməsi, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azad etmə, 1 cinayətə görə isə narkomaniya xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxsin tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqindən sonra sağaldıqda cinayət məsuliyyətindən azad edilməsi təsbit olunub, 152 cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə edilməsi, 36 cinayətə görə azadlıqdan məhrum etmə cəzasının daha az müddətlərinin müəyyən edilməsi yolu ilə yüngülləşdirilməsi nəzərdə tutulub.
Belə ki, qəsdən törədilmiş bir sıra böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan törədilmiş cinayətlər, o cümlədən cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa az ağır zərər vurma, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma, telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma cinayətləri dekriminallaşdırılıb. Digər bir sıra cinayətlərin qanunda mövcud olmuş sadə tərkibi dekriminallaşdırılmaqla onların yalnız müəyyən ağırlaşdırıcı hallarda törədilməsi cinayət kimi təsbit edilib. Məsələn, özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələməyə görə bütün hallarda deyil, yalnız odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma nəticəsində törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulub. Yeni qanuna görə özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə etmə yalnız xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olacaq, bu əməlin təkrar törədilməsi isə buna əsas verməyəcək.
Bununla yanaşı, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərini nəzərdə tutan maddələrdə bu əməllər əvvəllər müvafiq konkret cinayətlərə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə məsuliyyətin ağırlaşdırılmasını nəzərdə tutan müddəalar Cinayət Məcəlləsindən çıxarılıb, habelə oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə əməllərinə görə cinayət məsuliyyəti yaradan ziyanın məbləği 5 dəfə artırılmaqla həmin həddədək olan cinayətlər dekriminallaşdırılıb.
Zərərçəkmişin hüquqları və dövlət maraqları nəzərə alınaraq cəzaçəkmə müəssisələrində məhkumların sayının, istintaq və məhkəmə orqanlarının iş yükünün azaldılması məqsədilə cinayət məsuliyyətinə alternativ tədbir kimi cinayət məsuliyyətindən azad etmənin tətbiqi dairəsi genişləndirilib. Cinayət Məcəlləsinə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə institutları daxil edilib. Yeni qanunla, eyni zamanda, səmimi peşmanlıqla, zərərçəkmiş şəxslə barışmaqla və şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin tətbiqi əsasları əməlin ilk dəfə törədilməsi şərti aradan qaldırılaraq sadələşdirilib, bununla yanaşı şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi təsbit edilib.
Belə ki, cəza siyasətinin liberallaşdırılması məqsədilə, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən və ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan bir sıra cinayətləri törətmiş şəxslərin vurulmuş ziyanı tamamilə ödədikdə, cinayət nəticəsində vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin məbləğindən asılı olaraq isə vurulmuş ziyanı tamamilə ödədikdə və ya əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə və bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir və ya iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulub.
Bundan əlavə, Cinayət Məcəlləsinə mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətlər üzrə cinayət məsuliyyətinin diferensiallaşdırılması məqsədilə yeni tövsifedici hal qismində əməllərin xüsusilə külli miqdarda, yəni beş yüz min manatdan yuxarı olan məbləğdə ziyan vurmaqla və ya gəlir əldə etməklə törədilməsi kimi yeni cinayət tərkibləri əlavə edilib, müvafiq olaraq bir sıra cinayət tərkibləri üzrə cinayət məsuliyyəti yaradan xeyli və ya külli miqdarların məbləğləri artırılıb, həmçinin əməllərin xeyli və ya külli miqdarda törədilməsinə görə sanksiyada nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzaları yüngülləşdirilmiş, alternativ cəzalar əlavə edilib.
Cəza siyasətinin liberallaşdırılması məqsədi ilə qanunda həmçinin, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əməlini törətmiş şəxsin Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağlaması və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödəməsi, habelə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlini törətmiş şəxsin həmin məhkəmə aktlarını məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etməsi cinayət məsuliyyətindən azad etmənin əsasları sırasına əlavə edilib”.
N.Əsgərov bildirib ki, qanunda nəzərdə tutulmuş konseptual əhəmiyyətli yeniliklərdən biri də, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə institutunun tətbiqi ilə cinayət qanunvericiliyində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətini törətmiş şəxslərə münasibətdə baxışın dəyişdirilməsi və onların ilk növbədə narkomaniya xəstəliyinə düçar olmuş şəxslər kimi qəbul edilməsi olub:
“Yeni qanuna əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətini törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq ediləcək. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə isə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edəcək. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında, əgər cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb ediləcək. Yeni qanunda qeyd olunan qaydada məsuliyyətdən azad olunma imkanının şəxsə yalnız bir dəfə verilməsi, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müvafiq tibb müəssisəsinə yerləşdirilməsi qaydaları, bu tədbirlərin tətbiqinin uzadılması və ləğvi əsasları müəyyən edilib.
Bundan əlavə, Cinayət Məcəlləsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması kimi cəzadan azad etmə institutlarının tətbiqi dairəsi genişləndirilməklə, məhkəmə tərəfindən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlinərsə, onların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilməsi, habelə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkum edilmiş hamilə qadınların və ya on dörd yaşına qədər uşağı olan qadınların, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin uşaq on dörd yaşına çatanadək təxirə salına bilməsi nəzərdə tutulub.
Həmçinin, cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi qaydası təkmilləşdirilib, Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların dairəsi genişləndirilərək, bu siyahıya cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi əlavə edilib.
Bununla yanaşı, Cinayət Məcəlləsinin Xüsusi hissəsində 36 cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müəyyən edilmiş hədlərinin azaldılması nəticəsində 18 cinayət əməli az ağır cinayətlər kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 4 cinayət əməli ağır cinayətlər kateqoriyasından az ağır cinayətlər kateqoriyasına, 1 cinayət əməli xüsusilə ağır cinayət kateqoriyasından ağır cinayət kateqoriyasına keçirilib, 13 cinayətə görə isə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulmuş müddətlərinin həmin cinayətlərin kateqoriya dəyişikliyinə səbəb olmayan həddə azaldılması həyata keçirilib.
Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunla müəyyən edilmiş dəyişikliklər bununla bitməyərək, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi məqsədilə, Cinayət Məcəlləsinə yeni alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası əlavə edilib, ictimai işlər, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma cəzalarının tətbiqi dairəsi genişləndirilib.
Cinayət Məcəlləsinə yeni cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzasının daxil edilməsi məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasına, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla həmin cəzanın effektli icrasının təmin edilməsinə yönəlib. Bu cəza növünün mühüm xüsusiyyəti böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsin ailənin və cəmiyyətin islahedici təsirindən istifadə edərək islah olunmasına şərait yaradılmasından ibarətdir. Belə şəxslərin cəzanın çəkilməsi şərtlərinə riayət etməsinə müasir informasiya-kommunikasiya texnologiyalarının-elektron nəzarət vasitələrinin tətbiqi ilə nail olunacaq. Yeni qanunla azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilə bilməyən şəxslərin dairəsi, həmçinin, qanunla və məhkəmə tərəfindən məhkum edilmiş şəxslərin üzərinə qoyulmuş vəzifələr, həmin vəzifələrin yerinə yetirilmədiyi təqdirdə görüləcək tədbirlər dəqiq şəkildə müəyyən edilib, bu cəzaya məhkum olunmuş şəxslərin elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərmək vəzifəsi müəyyən edilməklə yanaşı qeyd edilən vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsinin cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi nəzərdə tutulub.
Yeni qanunla, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərmək vəzifəsi, həmçinin, şərti məhkum etmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun üzərinə qoyulan vəzifələrin sırasına daxil edilib, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə isə qeyd olunan şəxslər barəsində məhkəmə tərəfindən şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərarın çıxarılması qaydası təsbit edilib.
Göründüyü kimi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş şəxslərin yerdəyişmələrinin elektron nəzarət vasitələrinin tətbiqi ilə daim monitorinq edilməsi qeyd olunan tədbirlərin icrasına nəzarətin daha effektiv və səmərəli həyata keçirilməsinə zəmin yaradacaq”.
Baş prokurorun müavini qeyd edib ki, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər cəzasının icrasına effektli nəzarətin təmin edilməsi məqsədilə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncama müvafiq olaraq Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 438 nömrəli qərarı ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib:
“Həmin qayda ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növlərinin, belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi qaydalarını, eyni zamanda, ictimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsinin xüsusiyyətlərini nəzərdə tutur.
Qanunda edilən mühüm dəyişikliklərdən biri də məhkumluğun ödənilməsi müddətlərinin azaldılması ilə əlaqədar olub, yeni qanuna əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluğun ödənilməsi müddəti üç ildən bir ilə, az ağır cinayətlərə görə isə üç ildən iki ilə endirilib.
Qüvvədə olan cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cəzanın yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir. Yeni qanunla yetkinlik yaşına çatmayan şəxslərə daha böyük güzəştlər nəzərdə tutularaq Cinayət Məcəlləsinə “Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi” adlı maddə əlavə edilməklə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxslərin cəza çəkdiyi dövrdə davranışını nəzərə alaraq cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi nəzərdə tutulub.
Yeni qanuna əsasən, cinayət hesab olunmayan əməllərə görə bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslərin cəzadan azad olunması, onların, habelə həmin qanunla cinayət hesab edilməyən əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin məhkumluğu olmayan hesab edilməsi, bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə yeni qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətlərinin yeni qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda yeni həddə qədər azaldılması müəyyən olunub. Həmçinin, cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməsi və ya cinayət təqibinin başlanmasının rədd edilməsi və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması nəzərdə tutulub.
Bununla belə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görüləcək işlər ölkədə cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini azaltmamalı və bu sahədə zəruri işlər davam etdirilməlidir”.