6 Dekabr 2017 08:19
1 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan “Vəhşi təbiətin qorunması” konvensiyasına qoşulub və üzərinə öhdəlik götürüb. Bu səbəbdən ölkədə canavar ovu birmənalı şəkildə qadağan edilib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

Sektor müdirinin sözlərinə görə, canavar ovuna o halda icazə verilir ki, insan həyatına təhlükə yaratsın, təsərrüfata ziyan vursun. Bu zaman insan özünümüdafiə məqsədi ilə canavarı vura bilər:

“Yalnız bu halda həmin şəxs cərimə olunmur. Yaxud canavardan ziyan görən şəxs nazirliyin yerli ekologiya idarəsinə müraciət edir. Müraciət əsasında idarə həvəskar ovçular qrupu yaradaraq təsərrüfata və ya insanlara ziyan vurmuş canavarı ovlamaq göstərişi verir.

Həmin heyvanın quduz olub-olmamasını müəyyən etmək üçün qrupa rayondan baytar həkim də daxil edilir. Təəssüf ki, əhali belə hallarda rəsmi müraciət etmir...

Bir daha qeyd edim ki, kimsə xüsusi təqib yolu ilə canavar vurarsa, 1000-2000 manat arası cərimə olunacaq".

Sektor müdiri əlavə edib ki, əvvəlki illərlə müqayisədə yaşayış məntəqələrinin miqyası genişlənir:

“Buna görə də həmin yaşayış məntəqələri vəhşi heyvanların yaşadığı ariala yaxınlaşır, necə deyərlər, insanlar heyvanların yerini dar edirlər. Bununla belə, canavarların ovlanması və öldürülməsi qadağandır”.

Qeyd edək ki, ötən gün Kürdəmir rayonunun Qarasaqqal kəndində canavar hücumu baş verib. Kənd sakini Məhəmməd Əliyevin fərdi təsərrüfatına hücum çəkən vəhşi heyvanlar 8 baş xırda buynuzlu heyvanı tələf edib, 3 baş heyvanı isə yaralayıb.

Son zamanlar ölkədə canavarların təsərürafatlara hücumu tez-tez baş verir.


Müəllif: Şəfiqə Nazimqızı