Türkiyədə tibb universitetlərinə daxil olub uzmanlığı (TUS) oxumaq istəyən azərbaycanlı tələbələr bundan sonra çətinliklərlə üzləşməli olacaq.
Teleqraf.com-a daxil olan məlumata görə, Türkiyə tərəfi uzmanlıqda oxumaq istəyən əcnəbi tələbələrlə bağlı dəyişikliklərə gedib.
Bu dəyişikliklərə əsasən, uzmanlığa daxil olmaq istəyənlər diplomunu təsdiqlətdikdən sonra ikinci imtahana buraxılmaq üçün 8 ay 15 gün öz hesabına təcrübə keçməli olacaq. Üstəlik buna görə, hər ay təcrübə keçdiyi xəstəxanaya 1400 türk lirəsi ödəniş etməlidir. Beləcə, uzmanlığa daxil olmaq istəyən əcnəbilər, o cümlədən azərbaycanlılar 11900 min türk lirəsi ödəniş etməlidirlər. Yalnız bu mərhələni keçən tələbələr ikinci imtahanı vermək şansı əldə edəcək.
Qeyd edək ki, son illər Azərbaycan Tibb Universitetini bitirən tələbələrin mütləq əksəriyyəti Türkiyədə uzmanlıq təhsilinə baş vurur. Buna qədər tələbələr əsasən diplomunu təsdiqlətmək üçün imtahan verirdilər. Daha sonra isə ixtisas üzrə ikinci mərhələni keçdikdən sonra uzmanlığa qəbul olur və oxuya-oxuya həm də işləyirdilər. Üstəlik işlədiklərinə görə, ayda 1000 türk lirəsindən çox əmək haqqı alırdılar. İndi isə bu sistemdə dəyişikliklər edilib. Bu, faktiki olaraq Azərbaycanda imkansız ailələrin övladlarının üzərinə uzmanlıq təhsilinin bağlanması deməkdir.
Əməkdaşımız məsələ ilə bağlı Azərbaycanda TUS-a daxil olmaq istəyən gənc həkimlərə ödənişli kurslar keçən Edulandiya Təhsil və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayaraq məsələni dəqiqləşdirməyə çalışıb.
Mərkəzdən deyiblər ki, belə bir dəyişikliklər edilib. Əlavə olunub ki, heç də TUS-a daxil olan həkimlərin hamısı üçün belə tələblər qoyulmur.
“Müalicə işi ixtisası olan həkimlər üçün bu tələb 6 aydır. Pediatriya ixtisasında olan həkimlər üçün TUS-da bu tələb 8 aydır. Bundan başqa, bu daha çox uzmanlığa daxil olmaq istəyənlərin ixtisasından asılı məsələdir. Bəzi xəstəxanalar aylıq ödənişlər tələb edirlər. Ancaq bunu bütün xəstəxanalarla bağlı demək olmaz”, - deyə, Edulandiya Təhsil və Konsultasiya Mərkəzindən bildiriblər.