Yeni il bayramı ilə əlaqədar paytaxtda 15 yarmarka çadırı quraşdırılıb.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Onun sözlərinə görə, paytaxtda təşkil olunan yarmarka çadırları yanvarın 4-də yığışdırılacaq:
“Ötən il çadırlarda təhlükəsizliklə bağlı problem yaranmışdı. Bu il bu cür problemlər aradan qaldırlıb. Yarmarka çadırları əsasən metroların yaxınlığında quraşdırılıb”.
Əlabbas Bağırov bildirib ki, bu günə qədər Şaxta baba və Qar qız olmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 nəfər müraciət edib:
“Üç il bundan əvvəl 50, iki il öncə 37, ötən il isə 17 nəfərə Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün icazə verilmişdi. Təəssüf ki, bu il müraciət edənlərin sayı çox azdır”.
Xidmət rəhbəri Şaxta baba və Qar qız olmaq üçün müraciət edənlərin sayıının azalmasının rüsumla əlaqəli olmadığını bildirib:
“3-4 ildir ki, yolkaların ətrafında fotoqraflar fəaliyyət göstərmir. Çünki hər kəs öz telefonu ilə şəkil çəkir. Fotoqraflar olan zaman Şaxta baba və Qar qız birlikdə qazanc əldə edirdilər. Dekabrın 25-ə kimi onların sayı arta bilər. Heç bir problem yoxdur. Müraciət edənlərə icazə veriləcək”.
Qeyd edək ki, Şaxta Baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə icazənin verilməsi rüsumu 60 manatdır.