Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı işə başlayıb.
Teleqraf.com xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qurultayın açılış mərasimindən əvvəl Azərbaycan gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayın əhəmiyyətindən danışıb. O, Dövlət Proqramının gənclər siyasətini daha səmərəli həyata keçirmək, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialını üzə çıxarmaq, gənc nəslin sağlamlığını qorumaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək kimi hədəflər müəyyənləşdirdiyini diqqətə çatdırıb.
Akademik Akif Əlizadə müasir Azərbaycan elminin qarşısında duran vəzifələr, elmin müxtəlif sahələrinin inkişafına gənclərin verdiyi töhfələr və innovativ fəaliyyət sahələrində əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir dövr və onun sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyən AMEA-nın prezidenti bildirib ki, akademiyada gənclərin intellektual potensialının inkişafı, daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunması, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması istiqamətində görülən işlər əvəzsizdir.
Tədbir çıxışlarla davam edir.