Dekabrın 20-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində türkiyəli gənc rəssam Alp Gürhan Yalçınerin “Bir millət, iki dövlət!” adlı fərdi sərgisi keçirilib.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə reallaşan sərgidə rəssamın Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə həsr etdiyi 25 əsəri nümayiş olunub. Sərgidə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikası xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, rəsmi şəxslər, deputatlar, mədəniyət xadimləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun üzv dövlətlərindən olan Azərbaycan və Türkiyə arasında tarixi-mədəni münasibətlərdən danışıb. G.Əfəndiyeva türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Nə mutlu türküm deyənə” və Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsinin müasir dövrdə iki qardaş respublika arasında münasibətlərin məzmununu və yönünü aydın göstərdiyini bildirib. Fondun prezidenti Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrinin bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan təfərindən uğurla inkişaf etdirildiyini xüsisi vurğulayıb. İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham verdiyini söyləyən G.Əfəndiyeva gənc rəssam Alp Gürhan Yalçınerin “Bir millət, iki dövlət!” adı altında çəkdiyi rəsmlərin belə sənət əsərlərindən olduğunu qeyd edib.
Sərgidə çıxış edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyi bildirib, ikitərəfli əməkdaşlığın yalnız regionda deyil, onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət etdiyi vurğulayıb. Azərbaycan və Türkiyə mədəni əlaqələrindən söz açan nazir ortaq türk mədəniyyətinin inkişafında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rolunu xüsusi vurğulayıb, təşkilatın həyata keçirdiyi layihələrin önəmindən söz açıb.
Türkiyə Respublikası xarici işlər naziri Mevlüt Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Türkdilli ölkələr arasında mədəni əlaqələrin vacibliyini vurğulayan nazir bu istiqamətdə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yalnız üzv dövlətləri arasında deyil, beynəlxalq aləmdə uğurla təmsil olunduğunu diqqətə çatdırıb.
Sonda gənc rəssam Alp Gürhan Yalçıner çıxış edərək iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərini uşaqların gözü ilə rəsm əsərlərində göstərməyə çalışdığını qeyd edib və yaradıcılığına göstərilən diqqətə görə sərginin təşkilatçılarına təşəkkür edib.