25 Aprel 2014 16:38
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığı Senatının üzvü Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

Nazir Niderland Krallığının Azərbaycana dost bir ölkə olduğunu, hər iki ölkə arasında iqtisadi, siyasi və digər sahələrdə daim inkişaf edən əlaqələrin kənd təsərrüfatı sahəsində də fəal əməkdaşlığa şərait yaratdığını qeyd edib.

H.Əsədov ölkə başçısının kənd təsərrüfatını prioritet sahə kimi daim diqqət mərkəzində saxladığını qeyd edib, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 16 aprel 2014-cü il tarixli fərmanında aqrar sahənin davamlı inkişafının təmin edilməsi istiqamətində qarşıda duran vəzifələri açıqlayıb və bu fərmanın aqrar sahənin inkişafına təkan verəcəyini bildirib.

Nazir kənd təsərrüfatı sahəsində Niderlandın Azərbaycanda həyata keçirdiyi layihələrin verdiyi səmərəni yüksək qiymətləndirib və aqrar sahədə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək hər iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasının vacibliyini bildiriv, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb. O, baytarlıq, fitosanitar, kartof toxumçuluğu, "Aqropark"ların yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, aqrar yönümlü elmi tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və s. təkliflərini irəli sürüb.

Van der Linden Niderlandın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu, Azərbaycanın da aqrar sahənin inkişafı üçün böyük potensiala malik olduğunu bildirib, ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib və nazir H.Əsədovu oktyabr ayında Niderland Krallığında keçiriləcək biznes foruma dəvət edib.

Görüşdə iştirak edən Niderland Krallığının nüfuzlu şirkətlərinin rəhbərləri Azərbaycan şirkətləri ilə əlaqələrindən danışaraq gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə iştirak edən Niderlandın Azərbaycandakı səfiri Robbert Qabriyelsen hər iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.


Müəllif:

Oxşar xəbərlər