Əgər dünya dövlətləri verdiyi bəyanatlara əməl etməyəcəksə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi mümkün olmayacaq.
Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda çıxışı zaman deyib.
Z.Əsgərov bildirib ki, bu gün dünyada, xüsusən də Afrika ölkələrində ciddi aclıq problemi mövcuddur: "Ötən əsrdə Afrika dövlətləri müstəqillik əldə etsələr də, o vaxta qədər onların bütün sərvətləri talanmışdı. Bu gün də Afrikadan Avropaya miqrant axını həmin problemlərlə bağlıdır”.
Birinci vitse-spiker qeyd edib ki, bu gün dövlətlərin verdiyi bəyanatlarla əməlləri bir olsa, bu problemləri həll etmək olar:
“Hər bir dövlət bu Məqsədlərin həyata keçirilməsinə öz töhfəsini verməlidir. Azərbaycan bu layihəyə ciddi yanaşır. Azərbaycan Parlamenti də bu Məqsədlərin reallaşdırılmasına öz töhfəsini verir”./Trend/