Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə “MoneyPolo” pul köçürmə sisteminin fəaliyyətini dayandırıb.
Palatadan Teleqraf.com-a verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir. Nəzarət tədbirləri çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.
Palata tərəfindən aparılan araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.
Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilib.