2017-ci il dekabrın 23-də itkin düşən "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvündən ikisini yaxşı tanıyan, adının çəkilməsini istəməyən bir alpinsit əməkdaşımıza maraqlı açıqlama verib.
Həmin alpinist Teleqraf.com-a bildirib ki, itkin düşənlərin təcrübəsi həmin əraziyə uyğun deyil:
“Babur Hüseynov və Namin Bünyatov yaxşı tanıyıram. Baburla dağlarda olmamışam, amma Naminlə bir neçə dəfə səfərimiz olub. O klubun üzvü deyiləm, ancaq həmişə məndən məsləhət istəyirdilər. Bu dəfə isə məsləhət almadılar.
Təcrübəli alpinistlər bilir ki, onların başına nə gəlib... Mənə ayın 26-da klubun direktoru yazdı ki, uşaqlarla əlaqə kəsilib. Həmin ərazini yaxşı tanıyıram, axtarışa çıxanlara o ərazidə qar uçqunu baş verə biləciyi versiyasını bildirdim. Ərazidə 2800 metrdən başlayaraq qar uçqunu, 3500 metrdən isə yarğan, çat təhlükəsi var”.
Alpinist deyir ki, qar uçqununa düşən adam 1-2 saat ərzində oradan çıxarılmasa, onun sağ qalma ehtimalı qeyri-mümkündür:
“Amma möcüzə də ola bilər. Onlarla əlaqə kəsiləndən 1-2 gün sonra axtarış üçün məlumat verilib. Bu, axtarış üçün gecdir. Təcrübəli alpinistlər bunu bilir. Xaricidə dağlarda olmuşam, belə hallarla rastlaşmışam. Sadəcə 0,1 fazi şans var ki, alpinistlər bəlkə zirvəyə qalxıb, digər tərəfdən düşüblər.
Onların təcrübəsini nəzərə alsaq, o marşrutla qışda həmin əraziyə getmək səhv addım olub. Dünya alpinizm qanunlarına görə, təcrübəsizlər belə yerlərə gedə bilməzlər. Yayda getmək olardı”.
Alpinist xatırladıb ki, dağa gedən zaman ilk növbədə hava şəraitini nəzərə almaq lazımdır:
“Məndən soruşsaydılar, həmin ərazidə qar uçqunu təhlükəsinin olduğunu deyərdim. Mənimlə razılaşmayıb gedəcəklərini desəydilər, yenə də onlara izah edərdim ki, hansı ərazidən necə keçmək lazımdır. Qar yağanda 1 neçə gün gözləmək lazımdır ki, hava tam sakitləşsin. Bir gün günəş çıxır, əraziyə yenə girmək olmaz. Çünki günəş divarları isdir və qar əriyib aşağı doğru gəlir. Hava açıldıqdan yalnız 2 gün sonra əraziyə girmək olar”.
Alpinistlər Quba rayonundan Tufandağ istiqamətinə getmək üçün rəsmi icazə almalıdırlar. Həmsöhbətimiz deyir ki, qaydalara görə, qorunan ərazilərə gedəndə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 2 həftədən 1 aya qədər icazə alınmalıdır:
“Daha sonra cavabı Dövlət Sərhəd Xidmətinə yollayırsan. Qeyd edim ki, Azərbaycanda təcrübəli alpinist azdır. Qışda dağa qalxacaq peşəkar alpinistimiz demək olar ki, yox səviyyəsindədir.
Bu məsələdə "Gilavar" hava və ekstrim idman klubunun direktorunun da günahı var.
Direktor icazə verərkən təcrübəli insanlardan soruşub, məsləhətləşməliydi. Təbii ki, əsas məsuliyyət alpinistlərin üzərinə düşür. Mahmuddərə ərazisində 2600-3500 metr hündürlük arasında qar uçqunu ehtimalı var. Yarğanlar, çatlar 3500 metrdən başlıyır. Həmin çatlar yayda açıq olub, görsənir. Qışda isə üstübağlı olur. Ağız hissəsi dar olur, elə bilirsən balaca çatdır. Amma addım atan zaman ayağın düşür, bütün bədəninlə 5-10 metr dərinliyə enirsən.
Böyük dağlarda dərinlik müxtəlif olur. Tufandağ ərazisində isə bu çatlar 10-15 metr ola bilər. Mən həmin çatlara düşmüşəm. Kəndir olub, onunla həmin yeri keçmişəm. Əsas odur, həmin ərazini keçməyi bacarasan.
Həmin çata yıxılıblarsa, inanmıram, onları saxlayan ola... Ərazini keçəndə kəndirlə bağlanmısansa, təcrübəli alpinist də sənə kömək edirsə, ordan çıxmaq mümkündür. Belə yeri mütləq kəndirlə keçmək lazımdır”.
Təcrübəli alpinist sonda qeyd edib ki, vaxt keçdikcə qar uçqunu versiyası özünü doğruldur: “Rəsmi məlumatı dövlət orqanları verdikdən sonra nəsə deməyə haqqımız var”.
Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində itkin düşüb. Onların axtarışı hələ nəticə verməyib.