2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.
Gələn turistlərdən 853082-si Rusiya, 537 710-u Gürcüstan, 362 597-si İran, 301 553-ü Türkiyə, 102 360-ı Birləşmiş Ərəb Əmirlikləri, 62 454-ü İraq, 57 756-sı Ukrayna, 33 273-ü Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub.
2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19.9 faiz, 13.4 faiz, 11.2 faiz və 3.8 faiz təşkil edib.
2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olub.
2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4.5 dəfə, Omandan 7.4 dəfə, BƏƏ-dən 1.9 dəfə, İrandan 1.4 dəfə, Hindistandan 2.3 dəfə çox xarici vətəndaş gəlib. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.
Avropa, Körfəz və Yaxın Şərq, Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında artım baş verib.