Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Kollegiyadan Teleqraf.com-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiyanın cari fəaliyyəti ilə bağlı, xüsusilə, hazırda vəkilliyə sənəd qəbulunun yekunları, o cümlədən iki minə yaxın namizədin vəkilliyə sənəd verməsi, qəbul imtahanın 28 yanvar tarixində keçiriləcəyi barədə iclas iştirakçılarına məlumat verib.
A.Bağırov həmçinin imtahanın keçirilməsinə qısa müddət qaldığı nəzərə alınaraq, Vəkillərin İxtisas Komissiyasının üzvlərinin təyin olunması təklif olunub, Vəkillər Kollegiyasının üzvləri sırasından Qəmizə Qəhrəmanova, Ramiz İbrahimov, Oktay Məhərrəmov, Mehman Sultanov və Fərid Həsənov Rəyasət Heyətinin qərarı ilə komissiyanın üzvləri təyin olunublar.
Həmçinin ən qısa vaxt ərzində İxtisas Komissiyasının hakim və alim üzvlərinin təyin olunması ilə bağlı qanunvericiliyin tələbinə əsasən, Ali Məhkəmə və Ədliyyə Nazirliyinə müraciət olunması qərara alınıb.
İclasda baxılmış digər məsələlərdən biri də Vəkillər Kollegiyası üzvlərinin reyestrinin Ədliyyə Nazirliyinin Notariat və qeydiyyat baş idarəsinə təqdim olunması idi. Bildirilib ki, hazırda notariat orqanları müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi zamanı çətinliklərlə qarşılaşırlar. Çünki bir sıra hallarda vəkillər notariat orqanlarına bu kimi məsələlərlə bağlı müraciət edərkən onların üzərində onların səlahiyyətlərini təsdiq edən vəkil vəsiqələri olmaya bilir və ya hər hansı obyektiv səbəbdən vəkil öz vəsiqəsinin dəyişidirilməsi üçün Rəyasət Heyətinə müraciət etməli olur ki, belə olan halda vəkilin səlahiyyətini müəyyən etmək notariat orqanları üçün çətinlik yaradır.
Bundan başqa, uzun illərdir istifadə olunan və müasir günün tələblərinə cavab verməyən vəkil qurumları və fərdi vəkillərin statistik hesabatlarının yeni nümunəsi təsdiq olunub, habelə vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin sorğularının göndərilməsinin daha da asanlaşlaşdırılması barədə qərar qəbul olunub.
İclas ərzində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, uğurlu fəaliyyətinə görə bir sıra vəkillər təltif olunublar. Eyni zamanda hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, Vəkillər Kollegiyası ilə əməkdaşlığa verdiyi töhfəyə və 70 illik yubileyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin hakimi, görkəmli hüquqşünas Rafael Qvaladze Rəyasət Heyətinin qərarı ilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adı ilə təltif olunub.
İclasda həmçinin vaxtilə Vəkillər Kollegiyasına qəbulla bağlı imtahanları uğurla keçmiş, lakin əsas iş yerlərini tərk etmədiklərinə görə üzvlüyünə qəbuldan imtina olunmuş hüquqşünasların Vəkillər Kollegiyasının üzvlüyünə qəbul məsələsi müzakirə olunub və həmin şəxslər kollegiya üzvlüyünə qəbul olunublar.
Sonda kollegiya üzvlüyünə yeni qəbul olunmuş vəkillərin andiçməsi keçirilib, əsas etibarilə gənclərdən ibarət olan yeni vəkillərə fəaliyyətlərində uğurlar arzulanıb, vəkil peşəsinin nüfuzunun daim yüksək tutmaları onlara tövsiyə olunub.