15 Yanvar 2018 23:38
4 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün uşaqların 4-5 faizində febril qıcolmalar müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının uşaq nevroloqu Samirə İsmayılova uşaqlıq dövründə yüksək temperatur fonunda meydana çıxan qıcolmalardan danışarkən belə deyib.

Onun sözlərinə görə, qıcolmaların təkrarlanma riski və müalicəsi ilə bağlı baxışlar fərqlidir: “Febril qıcolmalar uşaqlarda adətən, 3 aylığından 5 yaşa qədər müddətdə müşahidə olunur. Əgər kəskin elektrolit disbalansı, müxtəlif intoksikasiya halları müşahidə olunmursa, anamnezdə afebril qıcolma halı qeyd edilmirsə, yüksək hərarət fonunda meydana çıxan qıcolmanı febril qıcolma kimi qiymətləndiririk.

Ən erkən qıcolma körpənin 1 aylığında ola bilər. Febril qıcolmalarının uşaqlarda ən sıx müşahidə edildiyi dövr 18-22 aylar arasıdır. 7 yaşdan yuxarı isə nadir haldır. Adətən, temperatur yüksəldikdən 1-2 saat sonra, bəzən temperatur düşərkən müşahidə olunur”.

Temperaturun səbəbləri barədə danışan nevroloq bunu otit, yuxarı tənəffüs yollarının iltihabı, qastroenterit, 80 faiz hallarda isə virus infeksiyasının törətdiyini deyib: “Febril qıcolmalarda perinatal (hamiləlik və doğuş) faktorların da rol oynayır. Xüsusən anada xroniki böyrək xəstəlikləri, epilepsiya, tireotoksikoz, arterial hipertenziya və müəyyən vərdişlər (siqaret və alkoqol) febril qıcolmaları riskini artırır.

İndiyə qədər qıcolmaların patogenetik mexanizmi sona qədər aydınlaşdırılmayıb. Yaşla bağlı yüksək temperatur fonunda qıcolmaya meyllik artır. Patogenezində genetik faktorun rol oynadığı düşünülür”.

Samirə İsmayılova qeyd edib ki, xəstəlik sadə və mürəkkəb febril qıcolmaları (FQ) ilə müşahidə olunur: “Sadə FQ zamanı temperatur 38.5-dən yüksək olduqda, generalizə olunmuş tutma 15 dəqiqə qısa müddət ərzində davam edir, 24 saat ərzində 1 dəfə baş verir, postiktal nevroloji defisit müşahidə olunmur. Kompleks FQ-da temperatur 38.5-dən aşağı ola bilər, parsial (ocaqlı simptomlar) başlayır,15 dəqiqədən artıq davam edir, 24 saat ərzində bir neçə dəfə təkrarlanma müşahidə edilə bilər.

İlk dəfə FQ keçirən uşaqda meningit inkar olunmalıdır.

FQ-nın epilepsiyaya çevrilməsi çox müzakirə olunan suallardandır. Epilepsiyanın yaranmasında risk faktorları – ailədə epilepsiyanın olması, psixo-motor inkişaf geriliyi, kompleks febril qıcolmalardır. FQ olan uşaqlarda ölüm və motor gerilik halları müşahidə olunmur. Sadə febril qıcolması olan uşaqların koqnitov funksiyaları və dərs göstəriciləri adi populyasiyadan geri qalmır. Bu halla qarşılaşdıqda uşaq mütləq pediatr və uşaq nevroloqu tərəfdən müayinə olunmalı və müvafiq tədbirlər görülməlidir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər