16 Yanvar 2018 14:17
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusuna yeni çağırılan gənclər hərbi hissələrə qəbul olunub.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da aparılan islahatlar müsbət nəticəsini verib. İstər şəxsi heyətin döyüş hazırlığı, istərsə də ruh yüksəkliyinin artırılması və maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlar yaradılıb. Xidməti fəaliyyət ilə yaxından tanış olduğumuz bu hərbi hissə də dediklərimizi bir daha sübut edir. Burada şəxsi heyət üçün hər cür şərait yaradııb ki, bu da xidmətə başlayan gənc əsgərlərin bir hərbi qulluqçu kimi yetişməsində xüsusi əhəmiyyət kəsb edir.

Hərbi hissəyə gətirilən çağırışçıların ilkin olaraq qəbulu həyata keçirilir. Hərbidə ilk addımlarını atan gənclər bir qədər həyəcanlıdırlar. Buna baxmayaraq hərbi hissə onlar üçün çox maraqlıdır.

Şəxsi heyətin saglamlığı çox vacibdir. Xidmətə başlamazdan əvvəl çağırışçılar tibbi müayinəyə cəlb olunurlar. Çağırışcılar bütün həkimlərdən keçəndən sonra onların tibbi kitabçalarında müvafiq qeydlər aparılır.

Ümumiyyətlə isə hərbi hissədə şəxsi heyətin vaxtaşırı tibbi müayinəsi üçün müasir tibbi avadanlıqlarla təchiz edilmiş məntəqə fəaliyyət göstərir.

Həkim müayinəsindən sonra çağırışçılar psixoloqlarla söhbətlərə cəlb olunurlar. Gənclərlə ilkin tanışlıq zamanı onların psixi sağlamlıqlarının qiymətləndirilməsinə, şəxsi keyfiyyətlərinin aşkarlanmasına, hərbi xidmət şəraitinə uyğunlaşdırılmasına xüsusi diqqət ayrılır.

Növbəti mərhələdə çağırışçıların qeydiyyatı və bölgüsü aparılır. Onlar şəxsi heyətin uçotu bölməsinə təqdim olunaraq adlı siyahılar əsasında yoxlanılır. Hərbi biletlərindəki məlumatlar çağırışçılarla dəqiqləşdirildikdən sonra müvafiq bölmələrə təyin olunurlar.

Daha sonra çağırışçıların saçları səliqəyə salınır. Növbəti mərhələdə gənc əsgərlər paltar və digər şəxsi əşyalarla təmin edilirlər. Artıq yuyunmaq üçün hamama yollanmaq olar.

Soyuq qış aylarında hərbi hissəni daim isti su və istilik sistemi ilə təmin etmək üçün müasir tələblərə uyğun qazanxana fəaliyyət göstərir. Burada quraşdırılmış suqızdırıcılar vasitəsilə şəxsi heyət sutkada 24 saat istiliklə təmin olunur. Bundan əlavə, hərbi hissənin çamaşırxanasında quraşdırılan müasir paltaryuyan, quruducu maşınlar və yataq ağlarının ütülənməsi ücün qurğular şəxsi heyəti həftə ərzində təmiz paltar və yataq ağları ilə təmin edir.

Şənbə və bazar günləri şəxsi heyətin yuyunma günləridir. Gördüyümüz bu müasir hamamda şəxsi heyət rahatlıqla yuyunur, təmiz paltarla təmin edilir.

Hərbi hissəsinin ərazisində yerləşən yeməkxana böyüklüyü və səliqə-səhmanı ilə göz oxşayır. Hərbi hissəyə gətirilən ərzaq məhsulları müasir tələblərə cavab verən soyuducu və dondurucu kameralarda saxlanılır. Bu kameralarda ət, balıq, toyuq məhsulları, meyvə, tərəvəz və digər ərzaq ehtiyatı saxlanılır. Yeməkxananın mətbəxində müasir avadanlıq quraşdırılıb ki, bu da bütün növ yeməkləri hazırlamağa imkan verir. Burada əsas üstünlük milli yeməklərə verilir. Şəxsi heyət hər gün üç dəfə kolorili isti yeməklə təmin olunur.

Xanım aşpazlarımızın qayğı ilə hazırladığı yeməklər ev yeməyindən heç nə ilə fərqlənmir.

Şəxsi heyətin fiziki hazırlığı ən vacib məsələlərdən biridir. Hərbi hissədə salınmış idman şəhərciyində əsgərlərimiz günün nizam tələblərinə uyğun olaraq hər gün səhər və axşam idman məşğələləri keçirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər