Bir gənc daha intihar etdi...
Bu artıq adiləşmə dərəcəsinə gəlib çatmış xəbərdir. Aysberqin üzdə, gözümüzün qarşısında olan hissəsi..
Hər dəfə donub qalıram - “təəssüf...”
Lakin bu uzaq adamlar üçün başqa şeydir, ailəsi üçün, dostları üçün, qohumları üçün əsl faciədir...
Faciədirmi?
Faciədir...
Bəzisi tez unudur, bəzisi gec, bəzi, ən doğma adamların qəlbindəsə bu sağalmayan yara, kəsikdir... O, uzun illər incidəcək və bəlkə də heç sağalmayacaq... Zədəsi qalacaq...
Bu cür xəbərləri eşitdiyimdə ilk “adam təkmiş” düşünürəm. Təm-tək, yalnız, kimsəsiz... Yox, mənə etiraz etməyinizi anlayıram, siz onun yanındaydınız, neçə dəfə daşındırmışdınız, neçə dəfə qorumuşdunuz. Başını qatmağa, problemlərini həll etməyə çalışmışdınız...
... İntihar edən adamlar qorxaq adamlar deyillər...
Onlar cəsur insanlar da deyillər...
Düşünürəm, niyə bölüşmədilər dərdlərini, niyə heç nə anlatmadılar və niyə kömək istəmədilər?..
Qorxdular...
Bir hadisə haqqında danışmışdılar. Adamın biri banka borclanmışdı, sonra işi gətirməmişdi, gecikmələr olmuşdu, faizləri üst-üstə gəlmişdi və bank onu məhkəməyə verib evini əlindən alacağıyla hədələmişdi.
Adam bunu bir yerdə, ötəri də olsa, niyə fikirli olduğunu soruşan dostuna demişdi... Demişdi ki, iş axtarır, hamballıq etməyə də hazırdır, heç olmasa borcunu hissə-hissə də olsa ödəsin...
Dostu onu qabağına qoyub ağıl vermişdi, demişdi, ayıb deyilmi, el-aləm nə deyər, neçə illərin dostuyuq, deməzlərmi ki, filankəs xarici maşında gəzir, dostu yük daşıyır, deməzlərmi ki, adam restoranda yüzlərlə manat hesab ödəyir, dostu evinə bazarlığı nisyə edir? Ayıbdır, biz nə günəyik? Danlamışdı, danlamışdı, sonra da soruşmuşdu ki, nə qədər verəcəyin var, ölməmişik ki... Və sabahısı gün gedib borcu bağlamışdı - on min manat...
Adam bir müddət sonra vəziyyəti düzəltmişdi, başlamışdı dostunun borcunu qaytarmağa...
Di gəl, elə bir bəlaya düşmüşdü ki, evsiz qalması ondan yaxşıydı... Məsələn, dostu gecənin yarısı qapısına adam yollayırmış ki, gör buna nə verə bilirsən? Xeyirdə-şərdə, onun-bunun yanında dostunun borcunu bağlamasını xüsusi fəxrlə danışırmış, başqalarına necə mərdlik etdiyini deyib dururmuş, bu da dostunun qulağına çatırmış və dostu son dəfə restoranda yemək yedikləri yerdə adama alçaldıcı tonla nəyisə əmr edibmiş, bir dəfə də güya ərklə üstünə acıqlanıbmış...
Evinə heç nə alammırmış, gedən-gələninin hesabatını verməli olurmuş, bir məclisə gedəmmirmiş - “Harana yaraşır, o boyda borcun var?..”
Adamın günü göy əskiyə bükülübmüş...
Əski nə əski - dost əskisi... Göm-göy...
Adam söz-söhbətə, yersiz müdaxilələrə görə gedib sələmçidən borc alır, dostunun pulunun qalan yarısını qaytarır - cəmi beş min...
Sonra sələm yığılır üst-üstə, olur on beş min, günü-gününə qaytara bilmir, ailə pərişan, uşaqlar ehtiyac içində, qazanc bir ucdan gəlir, bir ucdan sovrulur... Evini satır, hər şeydən təmizlənir, çıxıb gedir...
Nəticədə...
Hər şey başa qayıtdı, adam evini itirməkdəydi, itirdi...
Amma daha pis şəkildə... Onca əsəb, ürək ağrısı, narahatlıq, utanc, qəzəb...
Aylarla borcunu qaytaran dostunun təhqirlərinə, ədalarına dözə-dözə...
Bəzən adamların evi olmur satıb sələmçiyə verə...
Bəzən adamların borc dərdi olmur, sirr dərdi olur. Bəzən adamların heç sirr dərdi də olmur, eləcə, adi, kiçik şeyləri bölüşmək, yüngülləşmək istəyirlər. Başa düşülmək, ayıblanmamaq istəyirlər...
Biri bir gün çıxır bir küncdən və barmağını yelləyir: Bax ha, mən sənin haqqında artıq çox şey bilirəm...
Bəzən adamlar xəyanətdən də, minnətdən də yara alırlar və aldıqları yaradan sağalmırlar...
Adamlar zədələnirlər...
Və adamlar artıq inanmırlar...
Qorxurlar...
... Bir dəfə yenicə tanış olduğum bir xanımla söhbət edirdik. Xanım danışa-danışa çox təsirləndi, gözləri doldu... Dodaqlarını sıxıb cib yaylığını barmaqlarına doladı. Əlləri titrəyirdi. Mən ondan heç nə soruşmadım... İstəmədim mənim israrımla nəyisə bölüşsün, nəyisə anlatsın...
Zatən sonra özü də “adam söyləməyə də qorxur dərdini, nə dosta etibar qalıb, nə əzizə”, - dedi.
Bir-birimizin üzünə baxıb bir-birimizi başa düşdük, bir-birimizə nə olduğunu anladıq, lakin bunu əsla və əsla bir-birimizə danışacaq gücdə deyildik. Biz, artıq dərsimizi almışdıq...
İnsanlar yaralıdır...
Onları biz yaralamışıq...