22 Yanvar 2018 17:15
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 14 nəfər Pakistan İslam Respublikası və 1 nəfər Hindistan Respublikası vətəndaşı saxlanılıb.

Bu barədə "Report"a DMX-nin mətbuat xidmətindən məlumata verilib.

Bildirilib ki, araşdırma zamanı ölkədə qanunsuz yaşadığı üçün DMX tərəfindən saxlanılmış Hindistan vətəndaşı Nema Devi Haibamın əsasən Şərq ölkələri vətəndaşlarının Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə Avropa, Ukrayna, Rusiya Federasiyası və Türkiyə istiqamətində qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.

Digər şəxs - “Şah” ləqəbi ilə tanınan Pakistan vətəndaşı Syyed Muhammed Farrukh Razı Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vasitəçilik etməklə onların N.D.Haibamın qurbanlarına çevrilməsinə şərait yaradıb.

N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayan şəxslərin köməkliyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin adıçəkilən Pakistan vətəndaşlarının bu il yanvarın 12-də Azərbaycan ərazisini İtalya istiqamətində tərk etmək cəhdləri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və “viza”ları onlara təqdim etməyib.

Həmçinin N.D.Haibam daha 6 əcnəbi ilə birbaşa razılaşma əldə edib, onların hər birini yalan vədlərlə aldatmaqla qanunsuz miqranta çevirib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın Amerikaya və digər ölkələrə əcnəbilərin qanunsuz yollarla göndərilməsini beynəlxalq səviyyədə təşkil edən şəxslərlə əlaqələr yaratdığı müyyən olunub.

Beləliklə Nema Devi Haibam və Syyed Muhammed Farrukh Razı əcnəbiləri inandırmaqla onların küllü miqdarda vəsaitini mənimsəyib və qanunsuz miqrasiyaya zəmin yaradıb. Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib, faktlar öz təsdiqini tapıb və qanunsuz miqrasiya kanalını təşkil edən şəxslər ifşa edilərək zərərsizləşdirilib.

Məlumata görə, Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər