23 Yanvar 2018 15:31
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin media sektorunda, xüsusilə də internet media sahəsində yeni inkişaf mərhələsi başlayacaq. Feysbukun ictimai çəkisi azala bilərmi?

Teleqraf.com xəbər verir ki, bu suala Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz cavab verməyə çalışıb.

Onun sözlərinə görə, vaxtilə ənənəvi medianı iflasdan internet xilas edib: “Az qala ölüb getməkdə olan, heç bir nüsxəsini də sata bilməyən hansısa bir qəzet və ya jurnal internetə inteqrasiya etməklə ayaqda dura bilmişdi. İnternet inkişaf etdikcə bloqçuluq ciddi inkişaf etməyə başladı, bloqu olmayana az qala geridə qalmış birisi olaraq yanaşmağa başladılar. “Bloqçu, yoxsa jurnalist” mövzusunda ictimai müzakirələr baş alıb getdi. Nəticədə ölkəmizdə nəhəng bir bloqosfera formalaşdı.

Sonra sosial media, Feysbuk, Tvitter, yutub ciddi inkişaf etməyə başladı . Bu zaman ənənəvi media və internet media sosial media hesabları açmaqla, sosial mediaya inteqrasiya etməklə daha da oturuşdu. Nəticədə nəhəng bir internet media və sosial media sektoru formalaşdı. Bu mərhələdə internet media və sosial media o qədər inkişaf etdi ki, klassik bloqçuluğu, bütövlükdə bloqosferanı iflasa uğratdı”.

Osman Gündüz bildirib ki, indi yeni bir mərhələ gəlir: “Feysbuk rəhbərliyi yeni bir konsepsiya irəli sürüb. Bu konsepsiyaya görə Feysbuk internet media üçün, korporativ sektor üçün müəyyən qədər qapalı olacaq. Artıq bu, indidən hiss olunmağa başlayıb. Yəni bu sosial media resursunda media qurumlarının xəbərləri, şirkətlərin paylaşımları, korporativ paylaşmalar görsənməyəcək. Onların Feysbukdan əvvəlki qaydada geniş istiadəsi mümkünsüz olacaq. Özəl kontent ön plana çıxacaq.

Beləliklə də bizim Feysbuk istifadəçilərimiz də hər gün gördükləri xəbər linklərini, video linkləri öz səhifələrində görməyəcəklər . Nə üçün Mark bu qərara gəlib?

Əslində bunun kökü hazırda ABŞ-da prezident Donald Trampın seçkisində “rus barmağı” faktoruna qarşı demokratların apardığı və indiyədək əl çəkmədikləri mübarizə ilə bağlıdır. Demokratlar Trampın qalib gəlməsində rusların sosial media vasitəsilə apardıqları nəhəng bir kampaniyanın həlledici rolunun olduğu iddiasındadırlar. Belə görünür ki, Mark Feysbuku trollardan, kənar təsirlərdən, saxta xəbərlərdən qorumağa, ictimai-siyasi proseslərə süni təsirlərini azaltmağa qərar verib.

Yəni görünən budur ki, Mark adi istifadəçiyə daha çox üsütnlük verməyi düşünür, nəinki hansısa sirkətin, media qurumunun linkinə. Markın yanaşmasına görə, o, Feysbuku korportaiv təsirlərdən, şirkət, redaksiya, agentlik ekspansiyasından azad etmək və adi istifədəçilərin ixtiyarına vermək iddiasındadır. Bundan sonra nə baş verəcək?”

Osman Gündüzün fikrincə, Feysbuk rəhbərliyinin bu addımı ümumiyyətlə informasiya mühitinə, informasiya əldə edilməsinə mənfi təsrlər göstərəcək: “Xüsusən, bizim ölkədə Feysbuk ciddi bir informasiya mənbəyinə, ictimai müzakirələr platformasına çevrilmişdi.

Düşünürəm ki, Markın bu addımı elə bizim ölkədə də Feysbukun ictimai rəyə təsir imkanlarını, ümumilikdə isə onun ictimai çəkisini azalda bilər.

Eyni zamanda fikrimcə, Feysbukun bu addımı rəqəmsal sektorda ciddi dəyişikliklər edəcək. Hətta ola bilər ki, bu cür inkişaf tendensiyası daha bir fəaliyyət sahəsini də arxivə göndərsin. İlk növbədə ziyana uğrayan rəqəmsal biznes sektoru, internet marketinq sektoru ola bilər. Bütövlükdə rəqəmsal biznes üçün bu reforma mənfi təsir göstərəcək.

Ölkəmizdə son zamanlar yetərincə inkişaf edən SMM və rəqəmsal marketinq sahəsi üçün yeni inkişaf modelləri üzərində düşünmək lazım gələcək”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər