24 Yanvar 2018 12:53
5 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ramin Hacılı ilə müsahibəni təqdim edir.

– Ramin bəy, əvvəl-əvvəl hər kəs sizi iddialı bir insan kimi görürdü, amma sonradan sanki haqqınızda fikirlər dəyişdi, elə bil özünüz də anladınız ki, istəklərinizə nail ola bilmirsiniz. Siyasətdən getmək haqqında qərarınızı da bu cür dəyərləndirənlər var. Bu cür fikirlərə münasibətiniz maraqlıdır...

– Enerji itmir, bir formadan başqa formaya keçir. Enerjimi başqa istiqamətdə xərcləməyi seçdim. Ölkədə siyasətçiyə münasibətə baxın. Bu vəziyyətdə deyim ki, siyasətçiyəm və xidmət göstərim? Olmur. Bütün addımlarında başqa məqsədlər axtarırlar. Belə şeylər isə yorucudur. Əvvəlcə siyasətə, siyasətçiyə münasibəti dəyişmək lazımdır. Mən buna da cəhd etdim, lakin gücüm çatmadı. Həyatımı yel dəyirmanları ilə mübarizəyə həsr etmək istəmədim. Daim gündəmdə olmaq, birinci olmaq kimi iddialar insanı ucuzlaşdırır. Mən işlə gündəmə gəlmək yolunu seçdim. Hazırladığımız layihələr, real işlərlə görünmək istəyirəm, çıxışlarla, statuslarla yox...

– Asim Mollazadə ilə bir yerdə işlədiniz, alınmadı. İqbal Ağazadə ilə işlədiniz, o da alınmadı. Bəs niyə alınmadı? Sizin Azərbaycanda bir yerdə işləyə biləcəyiniz partiya, siyasətçi doğrudanmı yoxdur?

– Mən Asim Mollazadənin 7 ildən çox müavini oldum. Bütün böyük layihərinə rəhbərlik etdim. Bir gün görəndə ki, Asim bəy aktiv siyasətin tərəfdarı deyil, layihələri, təklifləri dəstəkləmir, kənarlaşdım və sonra “125-lər” hərəkatını seçdim. İqbal Ağazadə ilə illərlə tanışıq, 3 il partiya sıralarında oldum. Sonra isə kənarlaşıb tamamilə öz işlərimlə məşğul olmaq qərarına gəldim. İndi biz böyük bir layihəni həyata keçirməyə çalışırıq. Bu layihə Azərbaycanda qız uşaqlarına qarşı ayrı-seçkiliklə mübarizəyə həsr olunub. İstəyirik ki, Azərbaycan Avropa Hərəkatı olaraq ölkəmizdə mövcud olan bu süni bərabərsizliyin aradan qaldırılmasında əməyimiz olsun. Yeri gəlmişkən, layihənin açılışı 30 Yanvar 11:00 da Park İnn otelinin Fizuli zalında olacaq. Hər kəsi dəvət edirəm. Qeyd edim ki, bu layihə Avropa Komisiyyasının maliyyə dəstəyi ilə həyata keçirilir.

– Sizin cəbhəçilərlə nə probleminiz var? Mətbuatda bir-birinizə ittihamlar səsləndirirdiniz. Bəziləri də belə hesab edirdi ki, hər iki tərəf eyni işlə məşğuldur, ona görə yola getmirlər.

– “Cəbhəçilər” deyib ümumiləşdirməyək. Dalaşmağa meyilli olan konkret bir çevrə var. Onlar hər kəslə konflikt yaşamağa həvəslidirlər. REAL, Müsavat, YAP, NİDA, liberallar, millətçilər və s. Məhəllənin davakar sakinindən soruşmaq lazımdı, niyə hamının pəncərəsini sındırır. Şəxsən mənim heç kəslə konfliktim yoxdur.

– Daha konkret danışaq. Haqqınızda fikirlər deyilir ki, siz mühacir biznesi ilə məşğulsunuz. Bu cür fikirlərə münasibətiniz necədir? Bu fikirlərin müəlliflərinə necə cavab verərdiniz?

– Ümumiyyətlə, mühacir mövzusu həssas mövzudur. İnsanlar kütləvi şəkildə vətənlərini tərk edirlər. Tərk etmək istəyirlər. Bu, çox ağrılıdı. Bu haqda danışanda ehtiyatlı olmaq lazımdır. Mənim məşğul olduğum işə gəldikdə isə ona mühacir biznesi demək kökündən yanlışdır. Mənim məşğul olduğum sahə turizmdir. Vətəndaşlarımıza səyahət etməyə kömək edirəm. Kimsə başqa bir ölkəyə gedib qayıtmırsa, bu mənim problemim deyil. Bunu bacarıram, bunu da edirəm.

Bayaq siyasətin durumundan danışdıq. Orda pul qazanmaq mümkünsüzdür, İctimai birlik sədri kimi təşkilatımın hesabı dörd ildir bağlıdır. Yüz cür əngəlləri, gizli düşmənlərlə mübarizəni aşmağa çalışmışam. Mən ümumiyyətlə, bizneslə məşğul ola bilmirəm, bir manat qazanmaq istədiyim yerdə beş manat ziyana düşürəm. Xaraktercə siyasətçiyəm. Lakin öz gəlir yerimi qurmaq da vacibdir. Bunu da bizə çox görüb, ad qoyub mane olurlarsa, gərək vətənimdə yaşamayım.

– Siz nə üçün həbs olunmuşdunuz? Cinayət işi də açılmışdı. Bəs sonra necə oldu ki, azad olundunuz, iş bağlandı...

– Məlumatınız səhvdir. Mən həbs olunmamışam. Düzdür, buna nail olmaq istəyənlər olub, lakin hələlik alınmayıb. Sonuncu məsələ ilə bağlı isə ilk dəfə danışıram. ABŞ-ın Azərbaycandakı səfirliyinin qərəzli əməkdaşları doğru olmayan məlumatları əsas gətirib 78 Azərbaycan vətəndaşı haqda polisə şikayət etmişdilər. Onların arasında 6-sı üçün viza müraciət formasını mən hazırlamışdım. Polis də sənədləri toplayıb fakt üzrə cinayət işi açdı və məhkəməyə göndərdi. İş başlayanda mən xaricdə idim. Xəbər tutan kimi geri qayıtdım. Və gedib araşdırdım. Heç yerə qaçmadım, hay-küy salmadım. Özümdən əmin idim deyə sakitcə prosesin hara doğru getdiyini gözlədim. Məhkəmədə də bildirdim ki, heç bir möhür, dövlət sənədi və s. saxtalaşdırmamışam. İş arayışı necə olmalıdır, bunu izah etmişəm. İnsanlar da işlədikləri müəssisənin möhür və imzası ilə təsdiq edib gətiriblər. Bu faktlarla tanış olan məhkəmə həbs qərarı çıxarmadı. Düzdür, hər şey ola bilərdi. Sağ olsunlar mənə inanan insanlar.

İki dəfə ABŞ səfirliyindən viza almışam. Bütün sənədlərim doğru olub. Ərizə formasında qeyd etdiyim vaxtda da gedib-gəlmişəm. Məni tanıyanlar bilirlər ki, dəfələrlə xaricə gedib yaşamaq şansım olub, lakin getməmişəm. Deyirlər ki, guya viza işində səfər edən adamlara saxta sənəd düzəltmişəm. Cəfəngdir. Hər hansısa bir ciddi səbəbim olsaydı, dediyim kimi, xəbəri alanda xaricdəydim, tələsik qayıtmazdım. Heç yerə qaçıb gizlənməmişəm. Gəlib demişəm ki, araşdırın. Bir fakt belə yoxdur ki, saxta möhürlə arayış düzəldim. Bu mövzudan çox danışmaq istəmirəm. Bu günədək də danışmamışam. İnsanlar çörəyi qulaqlarına yemirlər. Hər kəs nəyin nə olduğunu bilir. Bir də ABŞ-ın nüfuzun zədələmək istəmirdim. Şəxsən mənim üçün bir siyasətçi və bir fərd kimi ABŞ öz yaranma tarixi və uğurları ilə - istər siyasi, istər dövlətçilik tarixi, istərsə dəyərləri ilə həmişə çox önəmli bir model olub. Buna görə də belə qeyri-peşəkar addım atmalarından möhkəm sarsıldım. Araşdırmadan mühakimə irəli sürdülər. Bunu da özümüzdən olan hansısa səfirlik əməkdaşı və ya konsulluq işçisi etdi. Hələ ABŞ-da təhsil almaq istəyən tələbəni polisə vermələrindən danışmıram. Bu ümumiyyətlə, dəyərlərə tüpürmək idi. Mən çox məsuliyyəti üzərimə götürdüm, ABŞ-ın və Azərbaycanın adına xələl gəlməsin deyə.

– Ramin bəy, həyat yoldaşınız Aysel Əlizadənin yaradıcılığına münasibətiniz necədir? Yazıları, şeirləri xoşunuza gəlirmi?

– Mən dağıtmağın yox, yaratmağın tərəfdarıyam. Xoşbəxtəm ki, həyat yoldaşım yaradıcıdır. Yaratdıqlarına gəlincə isə bəyənməklə qalmıram, dəstək verməyə çalışıram. Düşünürəm ki, Aysel Əlizadə imzası dünyaya çıxmalı və Azərbaycanımıza tövhə verməlidir. Onun oxucularının səviyyəsi bunu deməyə daha bir əsas verir.

– Yaxınlarda Aysel xanımın erotik bir şeiri sosial şəbəkələrdə xeyli paylaşıldı, bəyənənlər də oldu, bəyənməyənlər də, yaraşdıranlar da oldu, yaraşdırmayanlar da... Sizin məhz o şeirə münasibətiniz necə oldu?

– Müzakirə olunan yaradıcılığı yalnız alqışlamaq olar. O ki qaldı şeirə, şəxsən mənim münasibətimə onun ilk oxucusu oldum və bəyəndim. Ondan sonra şeir yayınlandı.

– Ramin bəy, Azərbaycan xalqının dəyərləri, milli-mənəvi-əxlaqi dəyərlərimiz deyəndə sizin gözünüzün qabağına nə gəlir? Bu dəyərlər nələrdir?

– İki cür dəyər var: bəşəri və milli. Bütün bəşəri dəyərlər bir zamanlar hansısa xalqın milli dəyəri olub. Sonradan həmin dəyər bütün xalqlar tərəfindən özəlləşdirilib. Beləliklə, bütün insanlar üçün bəşəri dəyərlər formalaşıb.

O ki qaldı bizim dəyərlərə, Azərbaycanda onları üç yerə bölmək olar. Birincisi, konstitusiya ilə müəyyənləşənlər – ki bunları Azərbaycan dövləti dünyəvi dəyərlər sistemindən götürərək ölkəsinə tətbiq edib. Bunlar insan haqları, mülkiyyətin toxunulmazlığı, söz azadlığı, gender bərabərliyi və s. İkincisi isə dini – Azərbaycan xalqının inancına bağlı dəyərlərdir. Və nəhayət, xalqın minillər boyu özünün yaratdığı dəyərlər; adətləri, vərdişləri və s. Bunlar məsələnin elmi-nəzəri izahıdır.

Azərbaycanlıların dəyəri deyəndə gözümün qarşısına şəxsiyyətlər gəlir. Biz xalq olaraq şəxsiyyətlərə dəyərlərdən daha çox önəm veririk. Məsələn, biz Məhəmməd Əmin Rəsulzadəyə konstitusiyadan daha çox önəm veirirk. Məhəmməd peyğəmbər və onun həyatı dinin özündən, qaydalarından daha müqəddəsdir bizlərə.

Mental dəyərlərdə isə insanlar məişətdə kimsəyə güzəştə getməz. Amma onun seçdiyi şəxsiyyətə gələndə bu mövzulara girməz. Ona hər şeyi bağışlayar.

– Bu dəyərləri kim mühafizə edir? Məsələn, millət vəkili Nafiq Həmzəliyevin Rəsulzadə haqqında səsləndirdiyi fikirlər böyük reaksiya doğurmuşdu. Xalq qalxmışdı ayağa ki, gedib Nafiqin başını kəsəcəyik.

– İnsanların dəyər verdiyi mövzulara və ya şəxsiyyətlərə toxunulan zaman sosial partlayış baş verməsin deyə, dövlət qanunlar çərçivəsində müəyyən tədbirlərə əl atır. Məsələn, Türkiyədə Atatürkə təhqir ünvanlayan şəxsi dövlət cəzalandırmasa, vətəndaşlar radikal addımlar atar.

Mənim 18 yaşım vardı. Elçibəyi təhqir edən Rafiq Tağını vurmaq üçün yumruğumu sıxıb Axundov adına kitabxananın yanında gözləyirdim. Həmin qəzeti dövlət bağlayaraq mənim təşəbbüsümə lüzum olmadığını göstərdi. Sakitləşdim. Sonralar Rafiq Tağıyla dostlaşdıq. Bu mövzuda danışdıq və o, mənimlə razılaşdı. Onun yazılarını tirajlayırdım. Özümü onu qoruya bilməyənlərdən hesab edirəm. Rafiq Tağı adına mükafat təsis edən adamam. Kitabının nəşrində iştirak etmişəm, təqdimatını keçirmişəm. Amma dəyərimə toxunanda ona çox qəzəbli idim.

Şəxsiyyətlər bir toplumun formalaşmasında fərdlərə nümunədilər, səbəbkardılar. Onların hər birinin müəyyən zaman kəsiyində müstəsna rolu var. Şəxsiyyətlərin hamısı qüsurludu demək, cəmiyyətdə insanların öz uğurlarına inamsızlıq yarada bilər. Beləcə, yalnız maddi uğura görə hər yola əl atarlar. Təkcə Elçibəydən, Rəsulzadədən misal gətirməyək. Heydər Əliyevin də şəxsiyyətinə aqressiv etirazın tərəfdarı deyiləm. Bu, onu sevənlərin heysiyyatına toxunur və hər cür təpki gözləniləndir.

Anarxistlər deyirlər ki, nə tikəcəyini düşünmədən dağıt. Mən tikməyi seçənlərdənəm. Elə böyük dəyər tik ki, kiçik hesab etdiklərin kölgədə qalsın. Dağıtmaq fiziki aktdır. Şəxsiyyətlərin varlığı fiziki yox, tarixi mərhələnin adına çevrilir. Deyirlər ki, filankəsin dövrü. Siz özünüzə mənəvi ad seçə bilərsiz, amma başqasının mənəvi adını zorla əlindən ala bilməzsiz.

– Ramin bəy, ilk baxışdan bütün məsələlərə demokratik prinsiplərlə yanaşan bir insan təsiri bağışlayırsınız. Ancaq Rafiq Tağını vurmaq üçün yumruğunuzu düyünlədiyinizi deyəndə xeyli təəccübləndim. Bu gün də eyni hislərlə yaşayırsınızmı? Hansısa dəyər hesab etdiyiniz bir şəxsiyyətə qarşı təhqiramiz yanaşmaya görə ona əl qaldırarsınızmı?

– Hə, qaldıraram!

– Məsələ bu qədər konkretdir?

– Bir liberal kimi bu qədər konkretəm.


Müəllif: Kəramət Böyükçöl

Oxşar xəbərlər