Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncam Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə imzalanıb.
Sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində qeyd edilən laboratoriyalardan, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin balansından Qida Təhlükəsizliyi Agentliyinin balansına verilsin.
Nazirlər Kabinetinə iki ay müddətində Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu sərəncamda nəzərdə tutulan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etmək, bu sərəncamın 2 nömrəli Əlavəsində qeyd edilən tikilməkdə olan laboratoriyalar üçün nəzərdə tutulmuş vəsaitin Agentliyə ayrılmasını təmin etmək, Agentliklə birlikdə bu sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı İqtisadiyyat Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən və Səhiyyə Nazirliyindən Agentliyə keçəcək ştat sayının və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün zəruri tədbirlər görmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bu sərəncamın 1-ci hissəsinin icrası başa çatana qədər İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi həmin laboratoriyalardan istifadə ilə bağlı qanunvericilikdə müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsini davam etdirəcəklər.
Agentlik bu sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı həmin dövlət orqanlarının müvafiq laboratoriyalardan ödənişsiz istifadə etməsini təmin etməli, bu sərəncamın 2 nömrəli Əlavəsində qeyd edilən tikilməkdə olan laboratoriyaların tikintisinin başa çatdırılmasını və fəaliyyətinin təşkilini təmin etməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.