30 Yanvar 2018 10:14
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğlum tək mənə yox, bütün nəslimə zərbə vurub, hamımızı işdən çıxarıblar. 4 oğlum, 1 qızım, 13 nəvəm, 13 nəticəm var. Hamımıza zərbə dəyib. O vaxt istintaq orqanlarına deyirdim ki, əgər oğlum Ziya Bünyadovun qətlində iştirak edibsə, elə oğul mənə lazım deyil, aparın, dar ağacından asın! Mən elə oğul böyütməmişəm.

Bu sözləri Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyev Musavat.com-a deyib. O, görkəmli alim Ziya Bünyadovun qətlində iştirak edən və ömürlük həbsə məhkum edilən oğlu Nizami Nağıyev haqda sensasion faktları açıqlayıb:

“Akademik Ziya Bünyadov hər adamın tayı deyildi... Düzdür, Ziya Bünyadovla heç zaman üz-üzə gəlməmişəm, ancaq televizorda görmüşəm. Mənim ona simpatiyam var idi. Çünki o, ermənilərə qarşı kəskin mübarizə aparırdı. Mən də millətçi olmuşam, ermənilərin əlindən qaçıb gəlmişəm.

Ziya Bünyadovun qətlindən sonra 3 il oğlum sərbəst gəzdi. Bünyadovu tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra İrana keçəndə öldürüldü. Nizami isə 2000-ci ilin 28 sentyabrında həbs edildi. Bütün məhkəmələrdə iştirak etdim. O ərəfədə hökmdən çox narazı qaldım. Çünki təşkilatçı, sifarişçi qaçıb aradan çıxıb. Əgər mənim oğlum da qaçsaydı, hardan tutacaqdılar? Oğlum qaçmadı. Hörmətli prokurorumuz Zakir Qaralov vəzifəyə təyin olunandan sonra bu cinayətkar dəstəni ifşa etdi və oğlumun da orda iştirakını sübuta yetirdi”.

Adil Nağıyev Ziya Bünyadovun hansı səbəbdən qətlə yetirilməsindən də danışıb:

“Onun qətlindən sonra qərara gəldim ki, oğlumla görüşməyim, çünki nəinki mənə, bütün nəslimə zərbə vurdu. Amma inanmırdım ki, oğlum belə iş görə bilər. Sonra öyrəndim ki, Ziya Bünyadovu niyə aradan götürüblər? Tarixçi Musa Kalankatlunun “Alban tarixi” kitabını Ziya Bünyadov tərcümə edib. Kalankatlu 254-cü səhifədə İslam peyğəmbərini aşağılayıb. “Hizbullah” təşkilatının Nəsrullah adlı bir üzvü Bakıya gəlir. Burada dindən istifadə edərək, müəyyən adamları ətrafına toplayır. O cümlədən də bunların başçısı Tariyel Ramazanov və Cavanşir Aslanov olub. Bu Tariyel Ramazanovla mənim oğlumun bağlılığı hardandır? Sovet dövründə Kuril adalarında bir yerdə əsgərlikdə olublar. Oğlumu yoldan çıxaran, bu işə cəlb edən o vicdansız olub... Özü də ali təhsilli adam, atası Ramiz Rzayev də Akademiyada işləyib. Burada “Nəsrullah”ın tapşırığı ilə dəstə düzəldiblər”.

Sabiq icra başçısı Bünyadovun qətlinin təşkilatçılarının adını da deyib:

“Oğlumun günahkar olduğunu etiraf edirəm. Amma Ziya Bünyadovun qətlinin təşkilatçısı Tarıyel Ramazanov və Cavanşir Aslanovdur. Onlar bu işi təşkil edib, mənim də oğlumu təhrik ediblər, Allah onların hər ikisinin evini yıxsın, çırağını keçirsin!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər