Artıq çəkidən azad olmaq qadınları düşündürən əsas məsələlərdəndir. Bunun üçün idman və pəhriz saxlamaq kimi sağlam yollar olsa da, tənbəllik edən bir çox xanımlar daha asan üsullara əl atır, dərmanlardan istifadə edirlər. Televiziya kanallarında, küçədə reklam lövhələrində belə dərmanların reklamı heç də az getmir. Bakı şəhərində olduğumuz bir çox aptekdə arıqlama vasitəsi olan müxtəlif adlarda bitki çayları, kofelər və həblərə rast gəldik. Onların qiyməti 5-70 manat arasında dəyişir.
Son vaxtlar aparılan müşahidələr göstərir ki, arıqlamaq üçün bitki çaylarında istifadə edən qadınların sayı artıb. Belə çayların istehsalçısı ölkəmizdə fəaliyyət göstərən “Herba Flora” şirkətidir. Bu şirkətin “Afrodita”, “90x60x90”, “Fiqura HF”, “Şarm lüks” adlı bitki tərkibli çayları arıqlamaq üçün nəzərdə tutulub.
Bu şirkət 1998-ci ildən fəaliyyət göstərir. İlk vaxtlar müalicəvi bitkilərin istehsalı ilə məşğul olan şirkət getdikcə fəaliyyət dairəsini genişləndirərək, müxtəlif bitki yığıntılarının və bitki tərkibli çayların istehsalına keçib.
Bizdə ekspertlərlə bu çayların arıqlama prosesində insanlara necə təsir etməsini araşırdıq.
Bununla bağlı “Herba Flora” şirkətinin marketinq, meneceri Yalçın Məmmədov Teleqraf.com-a açıqlamasında bildirdi ki, bu şirkətdə əksəriyyət xəstəliklərin müalicəsində istifadə olunan bitkilər, bitki yığıntıları və bitki çayları var. Onun sözlərinə görə, bu çaylar üçün xammal yerli bitkilərlə yanaşı, Rusiya və Baltik ölkələrindən də alınır: “Alıcılarımız getdikcə artmaq üzrədir. Şirkətimizə gələn şikayətlər əsasən subyektiv səbəblə bağlı olur. Bu da bitkini çox zaman düzgün dəmləyə bilmədiklərindən irəli gəlir. Onların dəmləmə qaydalarına riayət olunmalıdır. Arıqlamaq vasitəsi olan çaylarımızın fəsadları ilə bağlı bizə hər hansı bir şikayət daxil olmayıb. İnsanları maarifləndiririk ki, onlardan uzun müddətli istifadə etmək yolverilməzdir. Fasilələrlə istifadə edilməlidir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirir ki, bu tipli preparatlar bağırsaqlarda piylərin orqanizmə sovurulmasının qarşısını alır. Professorun sözlərinə görə, digərləri bədəndə həddən çox mayenin çıxarılmasına kömək edir ki, bunun özü bədəndə maye ehtiyatının toplanmasının qarşısını alır: “Müxtəlif cür bu tipli preparatlar var. Əvvəlcə bunların hər birinin təhlükəsizlik indeksi yoxlanmalıdır ki, nə dərəcədə orqanizmə ziyanlıdır, maddələr mübadiləsinə hansı formada müdaxilə edir”.
Adil Qeybulla qeyd edib ki, bazara daxil olan ayrı-ayrı arıqladıcı vasitələrin çoxu öz yerində heç qeydiyyatdan keçməyib və dərman kimi tanınmayıb: “Bu dərmanlar Dünya Səhiyyə Təşkilatına daxil olmayıb. İlk öncə hər bir qəbul edilən dərmanla ciddi surətdə tanış olmaq lazımdır. İstifadəçi yaxşı olar ki, istifadə etdiyi belə dərmanların Dünya Səhiyyə Təşkilatının dərman maddələrinin reyestrinə daxil olub-olmaması haqqında öyrənsin. Ondan sonra istifadə etsinlər. Təəssüf ki, bəzən bizim xanımlar kor-koranə kiminsə tövsiyəsi ilə bunlardan istifadə edirlər ki, bu da yolverilməzdir. Azərbaycanda dərman maddələrinin dövlət reyestri olmalıdır. Azərbaycan ərazisində istifadəsinə icazə verilən dərman maddələri tam yoxlanıldıqdan sonra o, reyestrə daxil edilməlidir”.
Dietoloq Leyla Zülfüqarova deyir ki, elə məhsullar var, onlardan arıqlamaq vasitəsi kimi istifadə eləmək səhvdir. Dietoloqun sözlərinə görə, əhali onların arıqladır deyə piarını görüb alır, amma onların arxasında neqativlər heçdə az deyil: “Birinci növbədə onların tərkibini öyrənmək lazımdır ki, bu dərmanlarda hansısa asılılıq varmı. Bu dərmanlar çox zaman orqanizmin əsas resuslarını, suyunu, əzələsini və digərlərini bədən tərkibində boğur. İnsanlarda bu zaman düşünür ki, çəki atıb. Amma sonradan bilinir ki, bədəndə müəyyən toxmalar parçalanmayıb”.
Dietoloq qeyd edir ki, bu məhsullar xanımlar üçün çox ziyanlıdır: “Pasiyentlərimizin əksəriyyəti əvvəllər o məhsullardan istifadə ediblər. Praktikamda da görmüşəm ki, bu bitkilərdən istifadə edən xanımlarda patologiya daha da dərinləşib və kəskin vəziyyət alıb. Bunu gizlətmək olmaz. Bəzən həkimlər, dietoloqlar bu məsələləri biznes maraqları naminə gizli saxlayırlar. Amma biznes maraqları və digər tərəflər düzgün mövqeyi, diaqnozu üstələyə bilməz. Bu baxımdan insanlara düzgün qidalanmanı təbliğ etmək lazımdır. Əhalinin bunu bilməsi lazımdır. Bunlardan istifadə edib fəsadla üzləşən xanımlar özünə sual verməlidir ki, bunlar nədən yarandı. Xanımlar düzgün qidalanarlarsa, bu tip bitkilərdən istifadə etməyə ehtiyac olmayacaq”.
Anar Kəlbiyev