23 Fevral 2018 08:46
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Su filtrlərini reklam edən şirkətlərin əməkdaşları müntəzəm şəkildə evləri gəzir, sakinləri içdikləri suyun yararsız olduğuna inandırmağa çalışırlar. Məqsəd su filtrlərini satmaqdır, kommersiya marağı olan yerdə isə başqalarının narahatlığı və narazılığı ikinci plana keçir.

Sakinlər deyir ki, reklam şirkətinin əməkdaşları əsasən axşam saatlarında qapını döyürlər. Ev sahibini razı salır, gətirdikləri qurğu vasitəsilə suyun tərkibini yoxlayırlar. Suyun üzünə qara və çirkli maddələr çıxır. Bu da içdiyimiz suyun yararsız olduğuna sübut... Əksər insanlar bundan sonra həmin filtrləri almaq qərarına gəlir.

Axşam qonaqlarının belə “çirkli sürpriz”inə inanmaq bir yana, istirahət vaxtı qapının döyülməsi istər-istəməz vətəndaşı narahat edir...

“Xırda nə problem varsa...”

Vəkil Xəyal Bəşirov deyir ki, istənilən malın-məhsulun reklamı başqalarının dincliyini, istirahətini pozmalı deyil. Əks halda həmin şəxslər məsuliyyət daşıyırlar:

“Ölkəmizdə bütün hüquqlar qorunur, dövlət buna təminat verir. Eyni zamanda alqı-satqı könüllü olmalıdır. Heç kim sizi buna məcbur edə bilməz. İnsanların istirahət hüququ nəzərə alınmalıdır”

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, əvvəllər reklamdan gələn gəlirlər az idi: “Həmkarım Əli Məsimli ilə reklam haqqında qanun layihəsi hazırladıq və Milli Məclisdə qəbul edildi. Düşünürdük ki, bundan sonra vəziyyət düzələr. Çünki dövlət büdcəsinə reklamdan gələn gəlirlərin miqdarı 50-60 milyon idi. Bu da çox az idi. Hesab edirik ki, reklamdan gələn gəlirlər 300-400 milyon, hətta daha artıq ola bilər. Bütün bunları nərəzə alaraq Pezident İlham Əliyev Reklam Agentliyinin yaradılması haqqında fərman imzaladı. İndi agentlik fəaliyyətə başlayıb və bölgələrdə onun regional qurumları yaradılacaq. Bundan sonra bütün məsələlər tənzimlənəcək”.

Vahid Əhmədov deyir ki, bu, beynəlxalq standartlara cavab verən qanundur və orada ciddi problem yoxdur:

“Xırda nə problem varsa, hardasa kiminsə istirahətini pozan hərəkətə, davranışa yol verilirsə, agentliyin fəaliyyəti nəticəsində onlar düzəldiləcək”.

Sosioloq Cavid İmamoğlu deyir ki, hər kəs öz işini qayda ilə görsə, gözəl olar: “Xüsusi ilə reklam şirkətləri müştəriləri ilə rəftarda diqqətli olmalıdırlar. Əks halda, əmin olsunlar ki, müştəri məmnun qalmayacaq. Satışa cavabdeh şəxslər qarşısında şirkət tərəfindən böyük hədəflər qoyulduğuna görə satıcılar əsas hədəfi - insanlığa xidmət hədəfini bəzən unudurlar. Bu da öz növbəsində istismara gətirib çıxarır. İstər telefonlara göndərilən yersiz reklam sms-lər, istərsə evlərə gələn zəng və səfərlər, əgər müştərinin razılığı ilə edilmirsə, müştərini incidir, müştəri istismara məruz qalır. Gərək şirkət rəhbərləri öz imicləri barəsində düşünsünlər. Qaş düzəldən yerdə göz vurub çıxarmasınlar”.

Dövlət proqramı əsasında yoxlama?..

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, su filtrləri satan şirkət əməkdaşlarının insanları gecə saatlarında narahat etməsi yolverilməzdir:

“Bizə daxil olan məlumatlardan birində gecə saat 2-də su filtrləri ilə bağlı narahat etmə faktı vardı. Qapını döyən zaman “dövlət proqramı əsasında yoxlamalar keçiririk” deyə ev sahibinə yalan danışıblar.

Təəssüf ki, bu cür bəhanələrlə əhalini aldadırlar. Səhəri gün vətəndaş həmin məhsulu qaytarmaq istəyib, amma dəyişməyiblər. Azərsu Açıq Səhmdar Cəmiyyəti bu cür məsələlərə sadəcə izləyici kimi qalır. Halbuki qurum prinsipial mövqe tutmalıdır. Ya suyun təmiz olduğun sübut etməli, ya da su filtrçilərinə haqq qazandırmalıdır. Dəfələrlə ASC-yə bu məsələ ilə bağlı müraciət etmişik. Amma onlar heç bir reaksiya vermir...”

Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda 20-yə yaxın su filtri satan qurum var:

“Hətta onlayn satış da təşkil olunur. Əsas problemlərdən biri odur ki, müştərilər aldığı məhsulu geri qaytara bilmirlər. Əksər hallarda kassa çeki də verilmir. Hesab edirəm ki, su filtri bazarında monitorinq keçirilməlidir. Onların apardığı təcrübələri biz də apardıq. Amerika, Moskva, Yunanıstan və Azərbaycandakı suyun tərkibi öyrəndik. Eyni nəticə alındı. Suda problem yoxdur. Su filtrçiləri əhalini aldadır.

Onlar sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı toxunulmazlıqdan istifadə edirlər. İstehlakçıların qorunma siyasəti zəifdir. Bu da əhalinin aldadılmasına gətirib çıxarır. Su filtrlərinin içərsində yararlıları da ola bilər. Bunları araşdırmaq lazımdır”.

Bu, “ölü” sudur

Bəs, su filtrləri satan reklam şirkətlərinin iddiaları doğrudurmu? Suyun tərkibi standartlara cavab verirmi?

Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, bu şirkətlər insanları aldatmağa çalışırlar:

“Su filtrləri satan şirkətlərin bu sahə üzrə (tibb, kimya və biologiya) heç bir təhsili olmayan gənc əməkdaşlarının axşamlar qapı-qapı gəzərək şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə onları aldatmağa hesablanıb.

Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd-yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və reduksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli, bu, filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur.

TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu su içməyə yararlı su sayılır. Şəbəkə sularında bu göstərici 300-600 arasında dəyişir. Ancaq filtr satan şirkətlərin əməkdaşları isə insanların bu sahədə bilgilərinin az olmasında sui-istifadə edib yalan məlumatlar verməklə onları aldatmağa cəhd edirlər”.

Anar Cəbrayıllının sözlərinə görə, Azərsu ASC bəyan edir ki, bu gün istər Abşeron yarımadasında, istərsə də regionlarda əhaliyə verilən su standartlara tam uyğundur:

“İçməli suyun keyfiyyətinə dövlət nəzarətini Səhiyyə Nazirliyi həyata keçirir, onların mütəxəssisləri də dəfələrlə bəyan edib ki, suyun tərkibində standartlardan kənarlaşmalar müşahidə olunmur”.

20-yə yaxın müraciət

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, ötən il İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə su filtrləri ilə bağlı 20-yə yaxın müraciət olub:

“İstehlakçılar haqlı tələb irəli sürübsə, onların tələbləri yerinə yetrilir. Bir neçə müraciətlə bağlı istehlakçılara izahat verilib”.

Abbas Əliyev qeyd edib ki, istehlakçılar su filtrləri alarkən ixtisaslaşmış firma mağazalara müraciət etməlidirlər:

“Malın orijinal olduğuna əminlik üçün keyfiyyət sertifikatı tələb edilməlidir. Əgər filtrlərin uyğunluq sertifikatı varsa, deməli, onların keyfiyyəti araşdırılıb və sertifikat verilib. Sertifikat yoxdursa, kustar üsulla hazırlanıbsa, belə qurğuya heç kəs zəmanət vermir.

Su filtrləri alan şəxs onların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan analoji mal nümunələri ticarət zalında yerləşdirilibsə, onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır. Satıcı istehlakçının tələbi ilə malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumatların verilməsinə, mala aid sənədlərin təqdim edilməsinə borcludur.

Alıcı malı alarkən istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədi, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimat və sair sənədləri də almağı unutmamalıdır.

Ölkə qanunvericiliyinə əsasən, istehlakçının ticarət obyektindən alınmış malın keyfiyyəti ilə bağlı zəruri məlumatları tələb etmək hüququ var. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur. Kustar üsulla hazırlanmış, tələblərə cavab verməyən filtrləri almaq məsləhət deyil”.


Müəllif: İlhamə Əbülfət