Diasporla İş üzrə Dövlət Komitəsi sosial şəbəkədə quruma məxsus avtomobilin səkidə saxlanıldığına dair yayılan foto ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Komitənin sözçüsü Elşad Miraləm avtomobili düzgün saxlamadığına görə avtomobilin sürücüsünə xəbərdarlıq edildiyini bildirib.
"Bir neçə sosial şəbəkə istifadəçisi tərəfindən Komitə rəhbərliyinin avtomobilinin guya pandusun üzərindən çıxarılaraq Komitə binasının qarşısında saxlanılması barədə qeyri-dəqiq məlumat yayılıb. Avtomobil pandusun üzərindən çıxarılmayıb. Bu heç fiziki baxımdan mümkün də deyil. Avtomobil o hündürlükdə pandusun üzərinə necə qaldırmaq olar? Fotoya bir də diqqətlə baxın xahiş edirəm. Binanın qarşısında Dövlət Komitəsinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin, eyni zamanda Komitə rəhbərliyinin avtomobillərinin binaya yaxınlaşması üçün xüsusi yer var. Təqdim olunan fotolarda bu aydın görünür. Komitəyə gələn xarici qonaqların, xüsusilə rəsmi şəxslərin təhlükəsizliyi üçün bu imkan yaradılıb. Yəqin hər kəs razılaşar ki, yüksək səviyyəli rəsmi şəxsləri nəqliyyatın hərəkətinin intensiv olduğu bir ərazidə, yolun ortasında avtomobildən düşürmək nəinki protokol qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından yolverilməzdir", deyə E.Miraləm qeyd edib.
Komitə rəsmisi qeyd edib ki, avtomobil Komitənin qarşısına pandusun üzərindən deyil, fotoda göründüyü kimi xeyli irəlidən çıxarılıb: "Sadəcə sürücünün səhvi odur ki, avtomobili pandusun qarşısında və səkinin üzərində saxlamamalıydı. Bununla bağlı da sürücüyə xəbərdarlıq olunub. Məsələ bu qədər sadədir".