23 Fevral 2018 12:55
3 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonu, Lökbatan qəsəbəsində su borusu partlayan ərazi yeni massivdir. Orada Azərsu Açıq Səhmdar Cəmiyyətinin heç bir şəbəkəsi yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, həmin ərazidə insanlar özləri fərdi qaydada prmitiv üsullarla su və kanalizasiya xətləri çəkib: “Bu xətlər Azərsu ASC-nin balansında olmadığından onların tam dəyişdirilməsi hələlik mümkün deyil. Vətəndaşlar xətti çəkiblər və indi problem yaranıb. Biz su itkilərinin qarşısını almaq üçün ərazidə təmir işləri aparırıq, xəttin ən pis vəziyyətdə olan hissəsini dəyişdiririk. Bununla belə, ASC-nin layihəsi var və ona uyğun olaraq dövlət investisiyaları hesabına Lökbatan qəsəbəsinin yeni massivinin bir hissəsində yeni şəbəkə qurduq. Bir hissəsində isə hələ işlər görülməyib.

Prezident İlham Əliyevin sərəncamları ilə təkcə ötən il 20-yə yaxın qəsəbədə su xətlərinin çəkilməsi ilə bağlı büdcədən vəsait ayrıldı və işlər görüldü. Bu işlər bu il də davam etdiriləcək. Bu işdə ən böyük problemi vətəndaşlar özləri yaradıblar. Vaxtilə orada ev tikiblər və kortəbii şəkildə su və kanalizasiya xətləri çəkiblər. Standartlara uyğun olmayan borulardan istifadə edilib, boru izolyasiya edilməyib və nəticədə çürüyərək qəzalı vəziyyətə düşüb. Amma indi problemlə qarşılaşan kimi günahı Azərsu ASC-də görürlər”.

Anar Cəbrayıllı bildirib ki, bu gün Azərsu Açıq Səhmdar Cəmiyyətinin o qədər sərbəst vəsaiti yoxdur ki, həmin ərazidəki xətləri başdan başa dəyişsin: “Hər halda yaranan problemin qarşısını alacağıq. Vətəndaşlar özləri də həmin ərazidə bir tədbir görə bilərlər. Bakıətrafı əksər qəsəbələrdə - Masazır, Sulutəpə, kənd Binəqədi, Lökbatan, Biləcəri, 20-ci sahə və Badamdarda vətəndaşlar standartlara uyğun olmayan su xətləri çəkiblər. Bu gün ayrı-ayrı bələdiyyələr, məhəllə sakinləri yığışır və Azərsu ASC-ə yaşadıqları ərazilərə su xətti şəkilməsi üçün müraciət edirlər. Biz də ASC olaraq onlara texniki şərtdən çıxarış veririk. Yəni, ərazidə hansı diametrdə, necə xətt tikilməlidir. Onlar özləri yığdıqları vəsait hesabına podratçı şirkət tapıb bu işləri onlara gördürə bilərlər. Necə ki, bu gün Binə, Sulutəpə, Hövsan və digər qəsəbələrdə belə işlər görülür”. Azərsu ASC rəsmisi qeyd edib ki, boru partlayan ərazidə yaşayan sakinlər də istəsələr, onlar bizə müraciət edə bilərlər”.

Qeyd edək ki, ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində su borusu partlayıb və 10 evin həyətyanı sahəsini su basıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər