Suyun, qazın, işığın bir müddət kəsilməsi, eləcə də yol hərəkətinin məhdudlaşdırılması istehlakçı hüquqlarının pozulması sayıla bilərmi?
“Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. ”Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinə dönən hissədə “Azvirt” MMC tərəfindən yolun genişləndirilməsi işləri aparılan zaman diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin zədələnməsi nəticəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:50-dən etibarən Nərimanov rayonunun böyük bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi məqsədi ilə saat 13:00-dan 15:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Sabunçu rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq".
Bu, sadəcə istehlakçıların kommunal xidmətdən məhrum ediləcəyi barədə elanlardan biridir. Bu kimi elanlar vətəndaşların elektrik enerjisi, suyun verilişində yaranan fasilələr, həmçinin son zamanlara daha çox gözə dəyən yolların təmirə bağlanması barədə də ola bilir. Həm də təkcə bu elandakı kimi sadəcə bir neçə saatlıq yox, bir neçə günlük fasilələr...
Bəs bu, istehlakçının hüquqlarının pozulması sayıla və ya bu kimi təmir-profilaktika tədbirləri günün gecə saatlarında aparıla bilərmi?
“Təmir işlərini gecə etmək olmur”
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev təmir işlərini gecə saatlarında aparmağın mümkün olmadığını bildirir: “ Bütün işlər gün ərzində görülür və bu barədə abonentlərə məlumat verilir. Bu, bütün dünyada tətbiq olunan vahid qaydadır və əvvəlcədən sistem belə qurulub. Cari təmir-profilaktika işləri olur və şəbəkənin nizamlanması, saz vəziyyətdə saxlanılması üçün bu tədbirlər gecikdirilmədən həyata keçirilməlidir”.
Araz Ağayevin sözlərinə görə, bu kimi fasilələr zamanı idarə istifadəçilərin heç bir şikayəti ilə qarşılaşmırlar: “Axı, təmir-profilaktika işləri mütləq şəkildə aparılmalıdır. Əgər cari təmir işləri yaz aylarında görülməsə, daha böyük problemlər meydana çıxa bilər. Buna görə də işləri maksimum dərəcədə qısa müddətdə həyata keçirməyə çalışırıq.
Son günlər bizim yaydığımız məlumatlara fikir versəniz, yazılır ki, daraldıcı qurğuların əvəzlənməsi üçün təmir işləri aparılır. Yəni artıq bu rejimlərin dəyişməsi, payız-qış mövsümünə hazırlıqla bağlı təmirlərdir. Bütün bunların edilməsi zəruridir, ertələmək və ya başqa saata salmaq olmaz".
“Məlumatlandırma yüksək səviyyədə deyil”
Hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə əsasən, elektrik enerjisi, su və qazdan istifadə qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib: “Qaydalarda göstərilir ki, bəzi hallarda təmir, təbii fəlakət, hər hansı nasazlıqla bağlı fasilələr ola bilər. Bu, həmin qaydalar əsasında hazırlanan müqavilədə də nəzərdə tutulub. Profilaktik tədbirlərlə bağlı narazılıq ola bilməz.
Ancaq təchizatçı və ya istehsalçı şirkət, məsələn, qazpaylayıcı müəssisə əvvəlcədən qazın verişində fasilə olacağı barədə abonentlərə məlumat verməlidir. Xəbərdarlıq sistemi mütləq olmalıdır. Abonent də bilməlidir ki, nə vaxtdan nə vaxta kimi qaz kəsiləcək. Onda istifadəçi öz işlərini planlaşdıra bilir və təmir işləri bağlı verilən fasiləni anlayışla qarşılayır. Bu halda hər hansı ödəniş nəzərdə tutulmur.
Son illərdə Azərbaycanda bu proses başlanıb, əvvəlcədən hansı rayonda hansı saatlarda qaz, su olmayacağı barədə məlumat yayılır. Yaxud hansısa küçədə təmir gedirsə, sürücülər bu barədə məlumatlandırılır. Əlbəttə, hələlik məlumatlandırma səviyyəsi yüksək deyil. Bəzən qəza olur və abonentə son anda məlumat verilir. Heç olmasa, qəza baş verəndən dərhal sonra abonentlər bilməlidir ki, onun işığı, qazı niyə kəsilib. Bu, çox vacib bir məsələdir".
“Məhkəməyə versinlər...”
Həmsöhbətimiz bildirir ki, xəbərdarlıq olmadan mənzildə qaz, işıq, su kəsilərsə, abonent istehsalçı və ya paylayıcı şirkəti dəymiş ziyanla bağlı məhkəməyə verə bilər: “Belə də, abonentə dəymiş ziyan ödənilməlidir. Çünki onun vaxtında xəbəri olmayıb və planlaşdırdığı işlər təxirə salınıb”.
Adətən, abonentlər fasilələr barədə ya həmin gün, ya da 1 gün əvvəl mətbuat vasitəsilə məlumatlandırılır. Bəs bu işin təşkili necə qurulmalıdır?
Əliməmməd Nuriyev deyir ki, məlumatlandırılmanın zamanının müəyyənləşdiirlməsi təmir prosesinin məzmun və mahiyyətindən asılıdır: “Əgər təmir işləri ağır, uzunmüddətli, məsələn, 3 günlük bir proses olacaqsa, heç olmasa 1 gün əvvəl məlumat verilməlidir. Planlaşdırılmış profilaktika tədbirləri olduqda istifadəçiyə vaxtında məlumat vermək mütləqdir. Məsələ 1-3 gün arasında həll edilməlidir.
Əslində, abonentə yaxın məlumat sisteminin olması məqsədəuyğundur. Gərək onlara ev-ev gəzməklə və yaxud telefon zəngi ilə məlumat verilsin. Onsuz da, istehlakçılar haqqında məlumat bazası idarələrdə olur. Ona görə də, yaxşı olardı, ümumilikdə binaya fasilələr barədə elan yapışdırmaqla və ya digər üsullarla abonentlərin sırf özlərinə məlumat verilsin. Ən yaxşı üsul isə fərdi qaydada məlumatlandırmadır".
Qeyd edək ki, bir müddət əvvəl istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılmasına dair layihənin həyata keçirilməsi də nəzərdə tutulmuşdu. Məqsəd kommunal sektorda istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi, istehlakçı və təchizatçı arasında tarazlıq yaradılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi idi.
Sevinc FƏDAİ