Son zamanlar Bakı şəhər ərazisində yollarda sünı tıxacın yaranmasının səbəbi şəhərin müəyyən ərazilərində asfalt örtüyünün çəkilməsi və digər işlərlə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, bu tıxacın yaranmasına səbəb olan amillərdən biri Babək prospektində aparılan yenidənqurma işləridir:
“İndi Babək prospektində hərəkət birtərəflidir. Bunun əsas yükü Nobel prospektinə düşür və bu səbəbdən pik vaxtlarda orada sıxlıq müşahidə olunur. Eyni zamanda, Nərimanov rayonu ərazisində yaşayış binalarının tikintisinə başlanılıb. Həmin ərazidə asfaltın qaşınması, kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır. Daha sonra Məhəmməd Hadi küçəsində asfalt örtüyünün çəkilməsi ilə bağlı məhdudiyyət var”.