Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA) şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər.
Cari qiymətləndirmə fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi, aralıq qiymətləndirmə fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.
Tələbə hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Dəyişikliyə əsasən bundan sonra bu halda üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna sayılacaq. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Ancaq yenə də əvvəllər olduğu kimi bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunacaq. İndiyə qədər olduğu kimi bundan sonra da üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etməyəcək. Digər hallarda isə əvvəllər olduğu kimi tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydalara uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Belə olan halda təhsil haqqının ödənilməsi bu Qaydaların tələblərinə uyğun həyata keçirilir. Başqa sözlə, tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.
Tələbələrin hüquq və vəzifələri də artırılıb. Növbəti dəyişiklikdə qeyd edilir ki, ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu Qaydaların tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir.