BakuBus-un sürücüsünə qarşı qanunsuz hərəkətlərə yol vermiş sürücü tənbeh edilib.
BakuBus MMC-dən Teleqraf.com-a verilən məlumata görə, fevralın 18-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus sürücüsünü qaydaları pozaraq maşınını avtobusun hərəkət zolağında saxlamış 99-AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü sərnişinlərin gözü önündə təhqir edib. Bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub.
Artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat BakuBus MMC-yə daxil olub.
Hadisənin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsi tərəfindən həyata keçirilib. Hadisəni törədən şəxs N. Musayev polis bölməsinə gətirildikdən sonra tutduğu əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirib, avtobus sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib.
Bununla belə polis orqanları tərəfindən toplanmış materiallar əsasında vətəndaş N. Musayev barəsində törətdiyi qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsinə uyğun olaraq inzibati tənbeh tədbiri həyata keçirilib.
BakuBus MMC bir daha sərnişinləri və digər yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə, ictimai nəqliyyatın normal fəaliyyət göstərməsi üçün mövcud qanunvericiliyin tələblərini yerinə yetirməyə dəvət edir.