Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi və Azərbaycan Mətbuat Şurasının birgə iştirakı ilə "Media və təhlükəsiz qida" mövzusunda görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Agentliyin vəzifəli şəxsləri və media nümayəndələri iştirak edib.
Görüşün keçirilməsində məqsəd QTA ilə media media orqanları arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Agentliyin həyata keçirəcəyi maarifləndirmə işlərində və qida təhlükəsizliyi anlayışının istehlakçılar, sahibkarlıq subyektləri arasında düzgün təbliğ edilməsində iştirakını təmin etməkdir.
Görüşə açılış nitqi ilə başlayan MŞ-nın sədri Əflatun Amaşov QTA ilə media qurumları arasında əməkdaşlığn vacibliyindən danışıb.
QTA-nin sədri Qoşqar Təhməzli agentliyin fəaliyyət istiqamətləri və vəzifələri haqqında geniş məlumat verib. Agentliyin sədri qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Agentliyin qısa və orta müddətli təbliğat-təşviqat kampaniyaları haqqında məlumat verən Q.Təhməzli bu aksiyalarda qida zəncirinin bütün halqalarında yer alan sahibkarlıq subyektlərinin də iştirakının önəmindən bəhs edib.
Tədbirin sonunda agentlik və media nümayəndələri arasında fikir mübadiləsi aparılıb.
***
Un və un məhsullarının tərkibində heç bir təhlükəli qatqılar yoxdur.
Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (QTA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən "Media və təhlükəsiz qida" mövzusundakı tədbirdə Agentliyin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, vahid dövlət siyasətinin aparılması üçün sahibkarlıq obyektlərində dövlət nəzarəti həyata keçirilməlidir: “Bu nəzarətə birbaşa bizim agentlik tərəfindən beynəlxalq normalar əsasında hazırlnmış qurum nəzarət edəcək. Əsas iş qida təhslukəsizliyi sahəsində fəaliyyət göstərən təftiş şöbəsinin missiyası üzərinə düşür.
Ölkədə çoxsaylı qida müəssisələri, anbarlar, eyni zamanda qida satışını həyata keçirən fərqli satış müəssisələri var. Bu müəssisələrin hər birinin standartları mövcuddur. Bizim işimiz əhalinin sağlamlığını qorumaq məqsədilə bu qidalar əhaliyə təklif edilənə qədər olan mərhələsinə nəzarət etməkdir. Bütün bunlar sahələrə bölünəcək - təsərrüfat sahəsi, istehsal müəssisləri, satış müəssisləri və sair” .
Agentlik rəhbəri əlavə edib ki, ictimai iaşə müəssisələrindəki vəziyyətin tənzimlənməsi ilə məşğul olacaqlar: “Son vaxtlar un və un məhsulları, çörək və digər məhsullarında risk yoxdur. Satılan çörəklərdə orqanizmə ziyan vuracaq maddələrin olması yalandır. Çörək yüksək riskə daxil olan qida məhsulu deyil. Ona görə də qalmaqal yaratmağa əsas yoxdur.
İstinadsız yayılan bu xəbərlər əhalinin ciddi narahatlığına səbəb olur. Süd və süd məhsulları da bu cür yalan informasiyalar arasında yer alan məhsullara daxildir. Burada əsas yük medianın üzərinə düşür. Məlumatlar veriləndə gərək istinad tələb olunsun".
O, heyvan kəsimi ilə bağlı məsələyə toxunaraq bildirib ki, insanlar heyvanların göz önündə kəsilməsinin daha yaxşı olduğunu düşünür: "Lakin elə deyil. Heyvanın bədənində olan parazitar xəstəliklər gözlə görünmür. Onu heç bir ekspert vizual baxışla təyin edə bilməz. Paytaxt küçələrində iri və xırdabuynuzlu heyvanların kütləvi şəkildə kəsiminə şahid oluruq. Bu, sağlamlığa ciddi təhlükədir. Əgər biz qida sağlamlığına, qida təhlükəsizliyinə kömək etməliyiksə, bu sahədə birgə fəaliyyət göstərməliyik.
Təklif edirəm ki, ilk növbədə qeyri-qanuni ət kəsimlərinə qarşı tədbirlər görülsün. Heyvanların kəsildiyi yerlərdə ətrafa axıdılan qan düşündüyünüzdən də böyük təhlükə yarada bilər. Onları ayaqlayıb evlərinə gedən insanlar həm özlərinin, həm də azyaşlı uşaqlarının sağlamlığı üçün ciddi virus xəstəliklərinin yaranmasına şərait yaradır”.
***
Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda istehsal olunan məhsulların çeşidlər üzrə sertifikatlaşmasını ləğv edib.
Bu sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən "Media və təhlükəsiz qida" mövzusundakı tədbirdə Agentliyin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, bütün sahibkarlıq strukturları bunu bilməlidir: "Çünki məhsullara çeşidlər üzrə sertifikat veriləcək. Əgər hər hansı qurum yoxlamaya gəlib, istehlakçı subyektdən sertifikat tələb edirsə, bilin ki, bu qanunsuzdur. Çünki bundan sonra məhsullara ümumi deyil, çeşidlər üzrə sertifikat veriləcək”.
Qoşqar Təhməzli bildirib ki, Azərbaycan ərazisində qida istehsalı ilə məşğul olan subyektlər qida təhlükəsizliyinə görə qeydiyyata düşəcəklər: “Bu proses ASAN xidmətin müvafiq mərkəzlərində həyata keçiriləcək. Bütün yoxlamalar standartlara uyğun olarsa, onlar qida təhlükəsizliyi sertifikatı alacaqlar. Müəssisə qida təhlükəsizliyi qeydiyyatına salandan sonra öz istehsal etdiyi məhsulları ixrac edə biləcək. Bundan başqa, ölkədən ixrac edilən məhsullara da sertifikat veriləcək”.