Yay fəslinin sonuncu ayı olan avqustda kəskin istilər bir növ, süstlük yaradır. Təbiətin ahəngi bütün sahələrə, o cümlədən mediaya da təsirini göstərir. Bir çox qəzetlər səhifələrinin sayını azaldır, bəziləri həftəlik nəşrə üstünlük verir. Ancaq 2014-cü ilin avqustu Azərbaycan mediası üçün tam fərqli başladı. Bəli, söhbət Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlikdən gedir. Ümumən bu gərginliyin müxtəlif təzahür formaları barədə çox danışılıb. Elə media nümayəndələrinin özlərinin özlərinə iradını da eşitmişik. Və bəlkə indi deyəcəklərim bir qədər gecikmiş təsir bağışlaya bilər. Hər halda rəhbərlik etdiyim qurumun məsələ ilə bağlı bəyanatı olub və barəsində söhbət açacağım cəhətlər müəyyən mənada həmin bəyanata sözardıdır.
20 il gözləyən sevinc …bir anın yalanı
Atəşkəsin əldə edilməsindən ötən 20 il müddətində onun pozulması halı indiki qədər qabarıq müşahidə olunmayıb. Cəmiyyətdə əsl müharibə ovqatı yaranıb. Torpaqlarının 20 faizinin işğal altında qaldığı, 1 milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olduğu bir ölkədə bu ab-havanın yaranması təbiidir. Cəbhə ilə bağlı materialların təqdimatına tənqidi yanaşmağımıza rəğmən ümumən müharibə əhval-ruhiyyəsinin formalaşmasında jurnalistikanın ictimai institut kimi rolunu önə çəkmək lazımdır. Əminliklə demək olar ki, media cəmiyyəti cəbhə xəttində baş verən proseslərə kökləyə bildi. Ancaq nəyi bacarmadı və ya nələrin fərqinə varmadı, nəyi kobud desəm, qulaq ardına vurdu, bunlara diqqət yetirmək niyyətindəyəm.
Əlbəttə, ümumi götürsək, saya salınmayan peşəkarlıq oldu. Peşəkarlıqda isə müxtəlif çalarlar var. Həssaslıq, duyum, səbr və sair, ilaxır. Əslində dəyişən hər vəziyyət bir incə maqamı doğurur ki, jurnalist onu düşünməyə, nəzərə almağa sadəcə borcludur. Nəzərə alanlar və düşünənlər də oldu. Onların əməyini yüksək qiymətləndirirəm. Onu da başa düşürəm ki, oxucuların nəbzini tutmaq istəyən media orqanı üçün işğal altındakı hansısa kəndin azad edilməsindən yaxşı xəbər ola bilməz. Yəni bu səpkili məlumatı çatdırmaq istəyini müqəddəs sayıram.
Ancaq xəbəri oxuyaraq həyatının ən böyük sevinc anlarından birini yaşayan qaçqın qardaş və bacımızın informasiyanın təkzibindən sonrakı halına daha çox üzülürəm. Bir anlığa düşünək, insanın neçə illik xəyalı gerçəkləşdi, sevindi, telefonla zəng edib neçə-neçə dostuna, qohumuna şad xəbər çatdırdı və sonda adam bəlkə ömründə ilk dəfə danışdığı yalanla baş-başa qaldı. Səhnəni təsəvvürə gətirirsinizmi? Məncə, çox ağırdır...
Etiraf edək, bu ağırlığı yaradan jurnalistika oldu. Deyə bilərsiniz ki, dezinformasiya tirajlayanların bizə aidiyyatı yoxdur. Əlbəttə, aidiyyatı olmayanlar var, sayları da çoxdur. Ancaq özümüzü aldatmayaq, elə bizlərin düşərgəsində yer alanlar, vəlvələdən-zəlzələdən və ya hansısa səbəblərdənsə bizlərdən birinə çevrilənlər, bəlkə elə hamımız cəmiyyəti olmayan hadisəyə inandırdıq, xəyal qırıqlığına uğratdıq. İlk baxışdan bu tipli xəbərlərə ehtiyatla yanaşılmasının, dəqiqləşdirilmələrin aparılmasının vacibliyini düşünənlərimiz, lakin istinadla verib öz aləmində məsuliyyətdən kənar dayanmaq yolu tutanlarımız da tapıldı. Sabah o kəndləri həqiqətən geri qaytarsaq, şad xəbər yalançısına çevrilən soydaşımız bizə inanacaqmı? Unutmayaq, inam və etimad çox böyük dəyərlərdir…
Bədbinlik ovqatı və natamamlıq
Ondan çox şəhid verdik. Şəhidlərimizi cəmiyyətə tanıtmalıyıq. Vətən uğrunda canını əsirgəməyən qəhrəman oğulların kimliyindən xəbər tutmalı, bu şəxslərin nümunəvi obrazını yaratmalı, keçdiyi ömür yoluna nəzər salmalıyıq. İgidliklərinin örnək mahiyyətini təlqin etməliyik, qürur duymalıyıq. Bu təbliğatda təbii olaraq göz yaşlarına və üzüntü hisslərinə də yer var. Nəhayət, şəhidlərimizin təntənəli dəfn mərasimini izləməliyik. Ancaq zənnimcə, insanlarımız şəhid analarımızın ah-naləsinin, huşunu itirərək yerə yıxılmasının əks olunduğu fotoları seyr edərək sarsılmamalıydı. Çünki onlarla birgə yerə sərilən hamımızıq. Media olaraq biz həmin ana və ataları göstərdik, sarsıtdıq, pessimizim yaratdıq! İnanıram ki, övladını itirmiş insanın düşdüyü halın ağırlıqlarını çatdırmaqla «baxın, oğlu cəbhədə olan hər ana, hər ata bu vəziyyətlə üzləşə bilər» mesajını verməyi, cəmiyyətdə xof yaratmağı düşünmədik! Elə isə nəyi qazandıq? Nəyə görə bu qədər qəddar olduq? Açığı anlaya bilmədim…
Hər bir toplum fərqlidir. Media isə cəmiyyəti formalaşdıran institutdur. Biz Azərbaycan türkləri cəmiyyətimizi, baxışlar sistemimizi bəşəri dəyərlərə sayğılı münasibət ruhunda qurmuşuq. Vətənimizi dünyaya sülh və barış mesajlarının ünvanladığı məkan kimi təqdim etmişik. O zaman müharibəni haqq işimiz kimi çatdıraq ki, düşmənçiliyimiz ikrah doğurmasın. Bu mənada azərbaycanlı şəhid anasının şəkillərini yayan media orqanının övladını itirmiş erməni qadınını göstərərək guya qisas alırmışıq kimi rəy yaratmasını qəbul edə bilmədim. Əzizlərim, media quruluşları olaraq bizlər bəşəri dəyərlərə söykənməli, cılız intiqam hissləri ilə kiçiləcək natamam azərbaycanlı obrazını yaratmamalıyıq…
Cəbhəyə axın və tənzimləmə zərurəti
Avqust bizim üçün həm də ona görə əlamətdar aydır ki, 16 il əvvəlin bu günlərində respublikamızda senzura ləğv edildi. Müharibə təhlükəsinin daha aktual əhəmiyyət daşıdığı şəraitdə Ümummilli Lider Heydər Əliyevin böyük qətiyyəninin təcəssümü kimi meydana çıxan 6 avqust 1998-ci il fərmanı Azərbaycan dövlətinin söz və ifadə azadlıqlarına verdiyi misilsiz dəyər idi.
2014-cü ilin avqust ayı. Atəşkəs pozulur, müharibə təhlükəsi yaranır və cəbhəyə jurnalist axını baş verir. Adını ilk dəfə eşitdiyimiz internet xəbər portalları vəziyyətlə bağlı guya bölgəyə ezam etdikləri xüsusi müxbirlərindən məlumat aldıqlarına dair car çəkirlər…
Ötən 16 ildə mediamız adına bir çox şeylər dəyişib. Əsaslı uğurlarımız olub. Bununla belə neqativ cəhətlər də az deyil. Mövcud anlamda atəşkəs rejiminin pozulması ilə yaranmış müharibə ab-havası sanki indiqator rolunu oynadı. Cəmiyyət KİV və onun yeni forması kimi meydana çıxan internet medianın yanlış fəaliyyət tərzinin xoşagəlməz təzahür formalarını açıq şəkildə gördü. Pozitiv və ya neqativliyindən asılı olmayaraq, bəzi saytların yaydıqları, əksər hallarda erməni mediasının məqsədli şəkildə dövriyyəyə buraxdığı bilgilər əsasında hazırlınmış xəbərlər mahiyyət etibarilə informasiya xaosu yaratdı. Bu mənzərə sahənin hansısa formada qaydaya salınmasına ehtiyacın duyulduğuna dair fikirlərimizin doğruluğunu bir daha təsdiqlədi.
Əlbəttə, mövcud istiqamətdə işlər gedir. Mətbuat Şurasının İnternet media resursları üzrə Komissiyası fəaliyyət göstərməkdədir. Lakin ictimai tənzimləmə ilə yanaşı, mütərəqqi mahiyyət daşıyacaq, söz və ifadə azadlıqlarına xələl gətirməyəcək hüquqi tənzimləmə də vacibdir. Bu, hansı formada olmalıdır, düşünürəm ki, həm media cameəsi, həm əlaqədar qurumlar, həm də geniş ictimaiyyət avqustun ilk günlərində müşahidə etdiyimiz informasiya xaosunu nəzərə alaraq konkret təkliflər irəli sürməlidirlər, ən əsası prosesə sistemli şəkildə köklənməlidirlər.
Söz silahımız
Sonda əvvəldə qeyd etdiyim və əslində bu yazını qələmə almağıma vəsilə olan məqama bir qədər əhatəli qayıtmaq istərdim. Başa çatmaqda olan həftə ərzində bizlər toplum olaraq sanki müharibə dövrünü yaşadıq. Müharibə ilə nəfəs aldıq. Əlbəttə, vətəndaşların bilməli olduqları hadisə və proseslər onlara vaxtında və dəqiq çatdırılmalıdır. Hətta uğursuzluqlar belə. Ancaq dünya miqyasında həyata keçirilən praktika da var ki, ondan müharibələrdə, habelə ekstremal vəziyyətlərdə yararlanılıb. Bu, insanlarda ruh düşkünlüyünün, bədbinliyin yaranmasına yol verməmək, onlara qürur hissini aşılamaqdır. Məsələn, 11 sentyabr terroru zamanı ABŞ-da telekanallar qanlı səhnələri efirə vermirdilər. Eləcə də Əfqanısatanda həlak olmuş Amerika əsgərlərinin cansız bədənləri tamaşaçılara göstərilmirdi. Belə misalların sayını kifayət qədər artırmaq olar və bəzən göstəriş, yaxud tövsiyələrlə, bəzənsə media orqanlarının daxili intizam qaydaları ilə tənzimlənən bu sayaq vəziyyətlərdə aparıcı dəst-xətt insan amilinə söykənir. İnsanlar sabaha ümidlə baxmalı, yaşadıqları ölkənin gələcəyi naminə yaşayıb-yaratmalı, çətinliklərə belə sinə gərməlidirlər. Müharibə təhlükəsinin sovuşmadığı, illərdir dünya birliyinin ədalətsizlikləri ilə üzləşən Azərbaycan üçün mövcud amil daha çox önəmlidir. Buna görə bir daha mediamızı həssas davranmağa, sözün həqiqi mənasında vətənpərvər olmağa çağırıram. Vətənpərvər olmaq üçünsə mütləq deyil ki, silaha sarılasan. Bizim özündə bir çox cəhətləri birləşdirən peşəkar söz silahımız var.
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri