10 Aprel 2018 10:12
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda əsir götürdüyümüz adam üstündən illər keçəndən sonra Bakıda qarşıma çıxdı.

Teleqraf.com xəbər verir ki, bu sözləri mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə “Yeni Müsavat”a geniş müsahibəsində Əfqanıstanla bağlı xatirələrindən danışarkən deyib.

O zaman-zaman başına çox qəribə əhvalatların gəldiyini nəql edib:

“Pakistanda olanda yaşadığım evi bir nəfər rəngləyirdi, gördüm bu, Əfqanıstanda mənim qonşum olub. İsveçrədə olanda isə gördüm ki, vaxtilə bizimlə işləyən Süleymani adlı birisi. Əslən iranlı idi. Görüşdük, danışdıq. Azərbaycanda ikinci mənim kimisi yoxdur ki, 4 ölkədə səfir işləsin. Üst-üstə də 7 ölkədə çalışmışam. Yəni dünyanı gəzə-gəzə yox, görə-görə gəlirəm.

Belarusda olanda çox qəribə hadisə oldu. Dükanın qabağında dayanmışam, bayraqlı maşındır. Siqaret çəkirdim, gördüm bir yükdaşıyan gedə-gedə mənə baxır. Yükünü qoydu, yaxınlaşdı. Özü də mənə Vahabzadə yox, “Vaqabadze” deyirdilər, gürcü familiyası ilə. “Starşi leytenant Vaqabadze?” Əvvəl tanımadım. Qayıtdı ki, “Ya Syoma”. Tanıdım. Mən baş leytenant olanda bu da baş çavuş idi. Görüşdük. Dedim, ilahi-pərvərdigarə, sən fikir ver, haradan-haraya? Əfqanıstanda bir yerdə döyüşmüşük, indi Belarusda görüşürük... Bir hadisə də olub.

Əfqanıstanda Rəsul adında biri var idi. Əhməd Şah Məsudun dəstəsində vuruşurdu. Onu zülümlə əsir tutmuşduq. Tərcüməçi də mən idim. Çox qəribə bir hadisə oldu. 15 gündür zindanda yatır, günlərin bir günü gördük çərçivəni aralayıb, qaçıb, dəmirlərin arasında da bir ovuc əti qalıb. Sürünə-sürünə çıxıb aradan. Rus əsgərləri həmişə içirdilər axı... Bu da istifadə edib. Həmin hadisənin üstündən 18 il ötmüşdü... “Nizami” kinoteatrının yanından gəlirdim. Baxdım ki, bir nəfər... “Rəsul?!” Bir anlıq özünü itirdi, qayıtdı ki, “tərcüman-sahib?” Yəni tərcüməçi ağa? Dedim, hə. “Rəsul, sən hara, bura hara?” Danışdı. Əfqanlar gəlmişdilər axı Qarabağda döyüşməyə, o da qoşulub, gəlib. Daha soruşmadım ki, sən necə oldu o vaxt qaçdın. Soruşdum, çoxdan buradasan? Dedi, 2-3 aydır. Yaxşı, sağ ol. Daha qarşılaşmadıq. Deməli, 1980-85-ci illərdə Əfqanıstanda əsir götürdüyümüz adam üstündən illər keçəndən sonra Bakıda qarşıma çıxdı. Bir vaxtlar mən ona qarşı döyüşürdüm, zaman keçdi, o gəlib burda bizim tərəfimizdən ermənilərə qarşı döyüşdü”.


Müəllif:

Oxşar xəbərlər