26 Aprel 2018 15:28
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni girovluğunda olan Şahbaz Quliyev ailəsinə videogörüntü göndərib.

Bu barədə APA-ya Ş.Quliyevin əmisi oğlu Natiq Quliyev məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ş. Quliyevin video görüntüsünü ailəsinə çatdırıb.

Video müraciətdə Ş. Quliyev əhvalının yaxşı olduğunu dilə gətirib, ailə üzvlərini anasından və qızından muğayat olmağa çağırıb.

Videogörüntüdə Şahbaz Quliyevin vəziyyətinin o qədər də yaxşı olmadığı müşahidə edilib: “Şahbaz çox arıqlayıb, çətinliklə nəfəs aldığı açıq şəkildə hiss olunurdu. Bildiyimizə görə, onun qara ciyərinin sıradan çıxmaq təhlükəsi var”.

N.Quliyev bildirib ki, BQXK nümayəndələri ailəsi baxdıqdan sonra görüntüləri özləri ilə aparıblar.

N.Quliyev həmçinin qeyd edib ki, Ş. Quliyev 2015-ci ildə əməliyyat olunub, onun öd kisəsi götürülüb. Əməliyyat müsəlman ölkələrin birindən gəlmiş həkim tərəfindən həyata keçirilib. Həmin həkim o vaxt Azərbaycana gələrək ailəsinə Ş. Quliyevin əməliyyatdan sonrakı durumu barədə məlumat verib.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə 2017-ci ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər