11 İyun 2018 10:42
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cabir Novruzun böyük oğlu Mirzə 2007-ci ildə avtoqəzada, ortanclı övladı Vüqar 2014-cü ildə qəflətən infarkt keçirərək vəfat etmişdi.

Teleqarf.com xəbər verir ki, bunu xalq şairi Cabir Novruzun oğlu, yazıçı Müşfiq Cabiroğlunun ölümü ilə bağlı fikirlərini bölüşən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov deyib.
O, Cabir Novruzla qonşu olduqlarını bildirib:
“Həmin mənzildə daha sonra Müşfiq qalırdı. Rəhmətlik çox gülərüz, mehriban və səmimi bir insan idi. Son vaxtlarda çox fikirli görünürdü. Son bir ildə onu heç vaxt gülən görməmişdim. Ortancıl qardaşının qəfil vəfatından sonra özünü toparlaya bilməmişdi. Müşfiq həm də xalq artisti Əlabbas Qədirovun kürəkəni idi. Yaşasaydı, oktyabr ayının 3-də 54 yaşı tamam olacaqdı. Allah rəhmət eləsin”.
Teleqraf.com-un əldə etdiyi digər bir məlumata görə isə, mərhum bir müddət öncə dələduzluq faktı ilə üzləşibmiş. Belə ki, bir nəfər onu prodakşn yaratmağa təhrik edib, nəticədə “CNF production” yaradılıb. Ancaq işlər düz getməyib və həmin dələduz M.Cabiroğlunun bütün pullarını mənimsəyib.
Qeyd edək ki, M.Cabiroğlu dünən axşam saatlarında qəflətən vəfat edib. O, 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olub. 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Yazıçı Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər