Uşaqların zərərli informasiyadan qorunması haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə millət vəkili Aqiyə Naxçıvanlı məlumat verib.
Teleqraf.com-un xəbərinə görə, millət vəkili bildirib ki, qanun layihəsi uşaqların zərərli vərdişlərdən, sağlamlığına zərər vuran informasiyalardan qorunması məqsədi daşıyır.
Qanun layihəsinin 9-cu maddəsində Teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsullarında uşaqların zərərli vərdişlərdən qorunması ilə bağlı tələblər göstərilib.
“Teleradio yayımı vasitəsi ilə yayımlanan və "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur. Xüsusi dekoderlər vasitəsi ilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, bir sıra informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur. Zorakılığı və qəddarlığı nümayiş edən informasiya, qeyri-məişət leksik (jarqon) məzmunlu, qorxu məzmunlu informasiya, erotik məzmunlu informasiya "16+" yaş kateqoriyasına aid informasiya məhsulları - yerli vaxtla saat 7-dən saat 21-dək, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya və erotik məzmunlu informasiyalar müvafiq olaraq, "18+" və "16+" yaş kateqoriyalarına aid informasiya məhsulları - yerli vaxtla saat 6-dan saat 23-dək yayımlanması qadağan edilir, "18+" yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir”.
Millət vəkili bildirib ki, qanunda internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.
“Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir”.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq konseptual münasibət bildirilib.