“Yelisey Şərqi (Albaniyanı) öz sərəncamına alır. Qüdsdən ayrılıb İrana gedir və oradan… Məskut elinə keçir. Öz təbliğini o, Çolada başlayır, müxtəlif yerlərdən şagirdlər toplayaraq, onlara xilaskarı (İsanı) andırmağa çalışır… Oradan o, üç nəfər şagirdi ilə Uti vilayətinə gedir. Lakin şagirdlərinin bəzi qohumları onları izləyib arxalarına düşürlər və onlardan birini şəhid edirlər. Digər ikisi müqəddəs Yeliseyi ataraq, qatillərlə çıxıb gedir. Müqəddəs patrik Gisə (Kiş) gəlir, burada kilsə tikir və qansız qurban verir”.
Musa Kalankatlı, “Albaniya tarixi”
***
...Taksi ilə 4 manata razılaşıb Şəkidən Kiş kəndinə yola düşdük. Dar cığırla taksi irəlidikcə albanların müqəddəs xaç uğrunda çəkdikləri əziyyətə hörmət edib ruhlarına dua oxuduq.
Bizi Kiş Tarixi-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova qarşılayır. İlhamə xanım ailəsinin tarixən bu məbədin mühafizləri olduğunu deyir. Çar dönəmində və sovet hakimiyyəti illərində məbədin açarı onlarda olub, indi isə rəsmi şəkildə kilsənin həm direktoru, həm də qoruyucusudur.
İlhamə xanımın dediyinə görə, vaxtilə kəndlilər bu məbəddə qurban kəsərmişlər. Yəni bura tarixən müqəddəs hesab edilib.
Kiş Tarixi-Memarlıq Qoruğu Şəkinin şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Kiş kəndi ərazisində yerləşir. Qoruq 215 hektar ərazini əhatə edir. Ərazidə rəsmi dövlət qeydiyyatına alınmış 6 tarix-mədəniyyət abidəsi mövcuddur və hər biri dövlət tərəfindən qorunur.
Kiş kəndini daha da məşhurlaşdıran tarixi qaynaqların məlumatlarına əsasən, I-II əsrlərdə Albaniya maarifçisi apostol Yelisey tərəfindən bütpərəstlik məbədinin yerində təməli qoyulmuş kilsə budur.
Məbədin tarixi
“Kiş” sözünün “din, etiqad, pərəstiş” mənasına gəldiyi iddia olunur. Məlumatlara görə, vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğu və 1244-cü ildə Alban kilsəsinin arxiadiakonu Serafin tərəfindən yenidən qurulduğunu bildirən kitabə varmış. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi tamamilə pozulub.
Məbəd hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib. Mədəniyyət Nazirliyinin 26 fevral 2003-cü il tarixli 50№-li əmri ilə "Kiş Tarixi Memarlıq Qoruq-Muzeyi" yaradılması barədə əsasnamə hazırlanıb. Məbədin ümumi sahəsi 1336,5 kvadrat metrdir.
Məşhur Norveç alimi Tur Heyerdal 2000-2003-cü illərdə bu məbəddə tədqiqat aparıb. Bu münasibətlə məbədin qarşısında tədqiqatçının büstü də qoyulub.
Məbəddə nələr var?
Kilsənin içərisində müxtəlif arxeoloji qazıntı nümunələri, skeletlər var. Məbəddə Mingəçevirdə tapılmış alban daş epiqrafikasının surəti, Şəki, Balakən, Zaqatala, Xanabad bölgələrinin arxeoloji abidələrindən əldə edilmiş Yaloylutəpə mədəniyyətinə aid nümunələr sərgilənir.
Məbədin altından tapılmış e.ə. IV-III minilliyə - tunc dövrünə aid keçi qəbri burada vaxtilə müxtəlif inancların olduğunu göstərir. Həmçinin Şəkidən tapılmış təsərrüfat küpü (e.ə. III-II əsrlər), keramik məmulatlar (e.ə. I minillik), sərdabə (II-XII əsrlər) diqqətçəkicidir. Kilsədə Norveç hökuməti tərəfindən verilmiş bir hədiyyə də sərgilənir.
Kilsənin ətrafında müxtəlif qəbirlər var. Burada insanlar üst-üstə dəfn edilib. Bələdçinin verdiyi məlumata görə, bir skeletin altında başqa bir skelet də üzə çıxıb. Sərdabələrdə insanlar bu şəkildə dəfn edilirmiş.
Bələdçi onu da dedi ki, skeletlər mütəmadi təmizlənir. Ona görə də, turistlərə zarafatla deyirik ki, çörəyimiz sümüklərdən çıxır.
Mədəbin içərisində bir çox dini ziayrətgahlarda olduğu kimi qəpik yapışdırma “hissəsi” də var. İnsanlar niyyət edib divara qəpik yapışdırır. Qəpik yapışarsa, tezliklə bu arzunun həyata keçəcəyinə inanılır.
Turistlərin sevimli məkanı
Məbəddə çoxlu azərbaycanlı və xarici turist vardı. Xüsusən, uzaq Şərq ölkələrindən gələnlər diqqəti çəkirdi. Onlar məbədi ziyarətdən sonra yaxınlıqda yerləşən kiçik, xoş bir kafedə samovar çayı içib təbiətdən zövq alırdılar. Biz də İlhamə xanımın qonağı olaraq bu zövqü dada bildik.
Kişdə bir daha mənə aydın oldu ki, qədim alban məbədlərinə turistlərin böyük marağı var və turizmin inkişafı üçün digər alban məbədlərini təmir etməli, multikulturalizm baxımından da diqqətçəkici hala gətirilməlidir. Qədim alban mədəniyyəti Azərbaycanın dünyaya təqdim edə biləcəyi əsas simgələrindən birinə çevrilməlidir.
P.S. Kiş məbədini ziyarət edərkən bizə yaxından dəstək göstərən dəyərli İlhamə xanıma və Şəkinin tanınmış ziyalılarından Yusif Rəhimova təşəkkür edirik.