9 İyul 2018 11:48
3 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərvişlər də İran hakimiyyətinin dini siyasətinə etiraz etdilər. Əvvəlcə mədəni formada öz etirazlarını bildirdilər ki, xalqın sərvətləri molla-kapitalist sinfi tərəfindən mənimsənilir. Bu etirazdan sonra onların öncülləri həbs olundu və bununla da dərvişlər etiraz etmək üçün küçələrə çıxdılar. Bu, İran daxilində hökm sürən ağır həyat şərtlərinə edilən etirazdır.

Şair Güntay Gəncalp belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Güntay bəy, İranda bir neçə il əvvəl dərviş qiyamı baş vermişdi, bundan sonra dərvişlərə təzyiqlər gücləndi. Sözün açığı, bu məsələyədək və bu gün İranda baş verən gərginlikdə onların da adlarının hallanmasınadək, dərvişlərin qalması haqda məlumatlı deyildik. Bizə İrandakı dərvişlər haqda məlumat verərdiniz.

- İranda dərviş və xanəgahların fəaliyyəti bütün dövrlərdə olub. Xanəgahlar məscidə alternativ olaraq meydana çıxıblar. Əməvilərdən başlayaraq, məscidlər cəmiyyət daxilində öz təsir və yerini itirməyə başladılar, çünki məscidlər siyasi hakimiyyətlərin maraqlarına xidmət edən mərkəzlərə çevrilmişdilər. Cəmiyyət daxilindəki fərqli dünyagörüşləri, düşüncələri sıradan çıxarmaq üçün məscidlərdən istifadə edilirdi.

Peyğəmbərin vaxtında məscidlərdə minbər yox idi. Minbərləri məscidlərə Əməvilər gətirdi. Məsələn, molla qalxıb minbərdə oturur və danışmağa başlayır. Lakin Məhəmməd peyğəmbərin islamında heç kəsə o yüksək yerə çıxıb altına yumşaq döşəkcə qoyub oturmaq haqqı verilmir. Əgər məsciddə bir adam danışacaqsa, ayaqüstə durub danışmalıdır. Peyğəmbərin özü də belə edirdi. Həmin dönəmdə məscidlərdə xütbələr namazdan sonra oxunurdu. Amma şiələr və sünnilər namazdan əvvələ çəkdilər.

- Niyə namazdan əvvələ gətirdilər?

- Çünki namazı qılmadan məscidə gələn məscidi tərk edə bilməzdi. Bundan istifadə edərək xütbəni namazdan əvvələ çəkdilər ki, siyasi hakimiyyətin maraqlarını oradan insanlara sırıya bilsinlər. Çünki orta əsrlərdə media qurumları yox idi, bu missiyanı məscidlər həyata keçirirdilər. Beləliklə, məscid öz dini missiyasını itirərək, ədalətsizliklərin mərkəzinə çevrildi.

- Bu mövzunu bir qədər aça bilərsinizmi?

- Məscidlər peyğəmbərin vaxtında uşaqların səsiylə özlərində həyat və sevinc duyğularını daşıyırdılar. Lakin sonradan uşaqların məscidlərə getməsini qadağan etdilər. Halbuki peyğəmbərin vaxtında hər cümə günləri məscidlərdə ictimai problemləri müzakirə edirdilər. Köməyə ehtiyacı olan insanlara kömək edirdilər, evlənməyə hazırlaşanlara yardım əli uzadırdılar. Yəni, həyatın çətinliklərinin asanlaşması üçün məscidlərdə çox işlər görülürdü. Bunu da qadağan etdilər.

Peyğəmbərin vaxtında məscidlər qızğın mübahisələrin mərkəzi idi. Şiə və sünni məscidlərində bunu da qadağan etdilər. Bundan sonra adamlar lal-dinməz gəlib oturmalı və heç bir sual vermək hüququ olmadan namazdan əvvələ keçirilən xütbələrə qulaq asmalıydılar. Beləliklə, məscidlərdə cəmiyyətin problemləri müzakirə edilmədi, bunun yerinə xütbələrdə iqtidarların ömürlərinin uzanması üçün dualar oxunmağa başladı. Məscidə gələnlərin bütün azadlıqları və haqları əllərindən alındı. Başlarını aşağı salıb xütbələri dinləməliydilər. Bununla da, məscidlər zalım xəlifələrin, şahların və sultanların yanında yer aldılar. İslam ölkələrində indi də vəziyyət bu cürdür. Buna etiraz olaraq da xanəgahlar ortaya çıxdı.

- Xanəgahları məscidlərdən fərqləndirən xüsusiyyat nə idi?

- Xanəgahlarda insanlar daha sərbəst idilər. Bunları peyğəmbərin zamanındakı məscidlərə oxşatmağa çalışırdılar. İnsanlar ailələri ilə birgə gələ bilərdilər. Xanəgahlarda uşaq tərbiyəsi ilə bağlı məlumatlar almağa çalışırdılar. Buna görə də, yeniyetmələrə xanəgahlarda musiqi, xəttatlıq, rəssamlıq, dərviş rəqsləri, ədəbiyyat fənləri, əruz elmi, coğrafiya və tarix kimi elmlər öyrədirdilər. Şübhəsiz ki, xanəgahları indiki modern universitetlərlə müqayisə etmək doğru olmaz. Ancaq onlar məscidlərdən fərqli olaraq, insanları çoxşaxəli istiqamətlərə yönəldirdi. Muğam musiqisi də xanəgahlarda ortaya çıxdı. Məscidlərin qaramat ab-havasından fərqli olaraq, xanəgahlarda müsbət ab-hava vardı. Buna görə də, xanəgahların yaranmasından sonra rind və rindlik adlandırılan bir anlayış ortaya çıxdı.

- Rind və rindilik nədir?

- Rindlik, yəni, həyatın bütün çətinliklərinə baxmayaraq, şən əhvalını saxlamaq. Rind olmaq üçün insan nəfsini tərbiyə etməliydi. Əməklə məşğul olmaq rindliyin ilk şərtidir. Çünki insan boş dayananda çirkin xəyallar qura bilir. Buna görə də əvvəlcə əməklə, bundan sonra da şeir, musiqi, rəqs, xəttatlıq elmlərilə məşğul olurdular. Problemləri olanlar bunu gizli saxlayırdılar və ətraflarına ancaq şən əhval-ruhiyyə verirdilər. Rindlik qəmi sevincə çevirmək sənətidir. Məsələn Nizami Gəncəvi deyir:

Özünü şad göstər, heç olma qəmgin,

Gizli dərdin varsa, zahirdə sevin!

Bax bu, rindlik halıdır. Rind öz dərdini başqalarına yükləyərək, onları kədər və ümidsizliyə sürükləmir, əksinə, başqalarının qəmini alıb sevincə çevirir. Məslən, Füzuli deyir ki:

Füzuli rindi-şeydadır...

Yəni, həmişə sevinən aşiqdir. Bunların heç biri məscidlərdə yox idi və indi də yoxdur. Məscid bunun tamilə əksini edir. İnsanların sevincini qəm və ümidsizliyə çevirir. İnsanlar sürüylə məscidlərə yığılıb ağlaşırlar. Niyə? Ağlanacaq nə var? Ağlamaqla müşkülləri həll etmək olur? Ağlağan və kədərli adam dürüst ola bilməz. Çünki insan kədərli və ümidsiz olanda, bütün psixoloji halı alt-üst olur, dürüst insan olmaq qabiliyyətini itirir. Ancaq ümidli və şən adam həyat duyğusunun nə olduğunu bilir və bunu yaşadığı üçün də, başqalarına da kömək etmək istəyir.

Ağlağan və qəmli adamın ümidsizlikdən başqa paylaşacaq nəyi ola bilər? Buna görə də xanəgahlar məscidlərin uydurduğu qadağaları alt-üst edirdi. Nəticədə Həllac Mənsur, Nəsimi, Söhrəvərdi kimi xanəgah əhlinin, rindlərin dərilərini soyurdular, öldürürdülər. Buna görə də irfan əhli məscidə getmirdi. Füzuli deyirdi ki, məsciddə riya və ayaq qoxusundan başqa bir şey yoxdur:

Ey olan sakini-məscid nə bulursan bilməm,

Buriyasından onun buyi-riyadan qeyri.

- Xanəgahlar Azərbaycan və İranda necə ortaya çıxmışdılar?

- Sivil dövlətlər zamanla güclənən xanəgahlarla anlaşa bilmişdilər. Siyasi proseslərdə iştirak etməmək şərtilə onların rəsmi fəaliyyətlərinə icazə verilmişdi. Səfəvilərdən sonra bütün xanəgahların fəaliyyətləri qadağan edildi, tarixi missiyaları yox edildi. Səfəvilərdən sonra xanəgahların adlarını dəyişdirib “Hüseyniyyə” qoydular. Burada artıq musiqinin ancaq mərsiyyə janrı öyrədilirdi. Mərsiyyələrlə də insanları ağladırdılar.

Məslən bir mollanın moizəsinə baxın. Adam bir gündə istəsə də, bu qədər ağlaya bilməz. Ancaq bir mərsiyyəxan səsinə elə ab-hava qatır ki, məscidə toplanan insanlar onun ağladığına inanırlar. Bunun xüsusi hiylələri var. Birinci hiylə insanın öz dürüstlük və insanlığını itirməsidir. Dürüst bir insan yersiz ağlamadığı halda, özünü də ağlayırmış kimi göstərməz. Ən az vicadanı buna icazə verməz. Səfəvilərdən sonra bu hiylələr incəsənəti xanəgahlardan uzaqlaşdırdı.

- Yəni, Səfəvilərdən sonra heç bir iz qalmadı?

- Hürufilərdən ayrılıb müstəqil bir təriqətə çevrilən nöqtəvi hərəkatı vardı. Onlar bütün sirlərin hərflərdə yox, nöqtədə gizləndiyini müdafiə edirdilər. Çünki hərfdən əvvəl nöqtə var. Hərflər də nöqtələrin yan-yana düzülməsindən meydana gəlir.

Rəşt əhli olan Mahmud Pəsixani Nəiminin tələbəsi olmuşdu. Lakin o, Nəimidən ayrılaraq nöqtəvilik cərəyanını yaratdı. Səfəvilərə qədər əvvəl onlar gizli şəkildə fəaliyyətlərini davam etdirirdilər. Səfəvilər dönəmində qısa müddət də olsa, fəaliyyətlərinə icazə verildi. Nöqtəvilər “Quran”ı özlərinəxas formada izah edirdilər. O dünyaya - cənnət və cəhənnəmə inanmırdılar. Ruhun təkrar bədənlənməsinə, reinkarnasiyaya (tənasüx) inanırdılar. Nöqtəvi hərəkatı qısa müddətdə geniş yayılmışdı. Kaşan, Şiraz, Qəzvin və İsfahanda çoxlu tərəfdarları vardı. Hətta hərəkat Səfəvilərin ilk illərində bir çox sənət adamını özünə cəlb etmişdi. Şah Təhmasibin sarayında özlərinə yaxşı imkanlar təmin etmişdilər.

Lakin nöqtəvi dərvişlərin qiyamları onların fəaliyyətlərinin qadağan edilməsinə gətirib çıxardı. Təhmasibin hakimiyyəti illərində Xosrov Qəzvini adında bir dərviş Qəzvin nöqtəvilərinin rəhbəri idi. Dərviş Xosrov II İsmayıl və Sultan Məhəmməd Xudabəndənin dönəmlərində də fəaliyyətini davam etdirirdi. I Şah Abbas şəxsən onunla tanış oldu. Lakin nöqtəvilərin ideyaları ilə tanışlıqdan sonra Şah Abbas onların qətlinə fərman verdi. Seyyid Əhməd Kaşi, Mövlana Süleyman Savcı, Budaq bəy Dinoğlu, Dərviş Turab, Dərviş Kamal Oqlidi kimi firqənin tanınmış rəhbərləri öldürüldülər. Bundan sonra onlar Hindistanda moğol-türk padşahı Əkbər Şaha sığındılar. Əkbər Şah onlara fəaliyyətlərində sərbəstlik verdi, şahın özü də nöqtəvilərin ideyaları ilə marlanırdı.

Nöqtəvilərin fikirlərini özündə əks etdirən fars dilində yazılmış bir sıra şeirlər qalmışdı. Hürufilərdən ayrılan nöqtəvilərə görə, varlıq hərflərdən yox, nöqtədən başlayır, bütün sirlər nöqtədədir. Nöqtə öz içində sonsuzluğu daşıyır. Varlıq nöqtənin açılıb-yumulması zamanı meydana gəlir. An bir nöqtədir. Bu nöqtə uzananda sonsuzluğa uzanan bir xətt meydana gəlir. Hərflər də bu xəttin üstündə yazılır. Nöqtəvilərə görə, hürufilik nöqtənin sirlərini görə bilməyib. Nöqtə hərfdən əvvəl gəlir. Bu xətt üzərində bir nöqtə əsas götürülür. Bu nöqtə mərkəz kimi qəbul edilsə və bir dairə çəksək, bu, dairənin diametrinə zaman adı verilir. An 18 min aləmi özündə toplayan nöqtədir. Mütləq zaman anlayışı da nöqtədə birləşər. Həyat mütləq zaman içində sona çatdığı üçün nöqtənin içində mövcud olur və biz bu nöqtənin içində ölürük.

Allaha bağlılıq da bir nöqtədir. Bu nöqtənin içi və çölü Tanrı ilə çevrələnib. Nöqtəvilərə görə, insanın varlığı ana bətnində çox kiçik bir nöqtə ilə başlayır, kainatda da hər şey nöqtələnərək mövcud olub. Əslində kosmos boşluğundakı varlıqlar nöqtələrdən başqa heç nə deyil. Yer kürəsi bir nöqtə, Ay, Günəş bir nöqtə və digər planetlər, ulduzlar da nöqtələrdən ibarətdir. Kosmosun sonsuzluğunu və genişliyini nəzərə alsaq, kainatdakı varlıqların hamısı nöqtələrdən və nöqtələrin nizamlı düzülüşündən meydana gəlir. Nöqtəvilərin xanəgahlarında bu kimi fəlsəfi dünyagörüşlər musiqi, xəttatlıq, rəssamlıq və digər sənətlərlə bir yerdə öyrədilirdi. Lakin onların hamısını öldürdülər. Muğam musiqisinin inkişafında nöqtəvi dərvişlərin böyük rolları olub.

- Onlara niyə dərviş deyiblər?

- Dərviş, yoxsul deməkdir. Yəni, dərvişlər yoxsul yaşamağı seçmiş insanlardır. Başqa çıxış yolları yox idi. Mal-mülklərini şeyxlərin fətvası ilə siyasi rejimlər ələ keçirirdilər. Yaşamaqlarına izcazə verilmirdi. Kim yoxsul və ac yaşamaq istəyər? Onların da ailələri, maddiyyata ehtiyacları vardı. Lakin dini rejimlər və məscidlər onların mal və mülklərini ələ keçirdilər. Buna görə də onlar bu zorakılıqla məcburi şəkildə razılaşıb dərvişlik həyatını seçdilər. Amma buna da icazə vermədilər və canlarını da əllərindən aldılar. Bu, Şərq mədəniyyətini yoxa çıxarmaq cəhdləri idi. Qərb bu qaranlıqdan xilas oldu, Şərq isə hələ də öz qaranlığından çıxa bilmir.

- Bəs bu gün İran dərvişlərin fəaliyyətindən niyə narahatdır? Dərvişlərin hansısa siyasi, yaxud dini iddiaları varmı?

- İranda dərviş qiyamı adlanan bir hadisə baş verdi. Bu, Qunabadi dərvişlərinin etirazları idi. Bu dərviş hərəkatının əsası XV əsrdə Şah Nemətullah Vəli tərəfindən qoyulub. Hazırda isə İranda vəziyyət çox pisdir. Dərvişlər də bu cəmiyyətin dünyagörüşü olan azsaylı insanlarıdır. Xalqdan qopuq formada necə yaşamaq olar? Onlar da İran hakimiyyətinin dini siyasətinə etiraz etdilər. Əvvəlcə mədəni formada öz etirazlarını bildirdilər ki, xalqın sərvətləri molla-kapitalist sinfi tərəfindən mənimsənilir. Bu etirazdan sonra onların öncülləri həbs olundu və bununla da dərvişlər etiraz etmək üçün küçələrə çıxdılar. Bu, İran daxilində hökm sürən ağır həyat şərtlərinə edilən etirazdır.

- Dərvişlərdən danışanda həmişə kişi dərvişlərin olduğunu görmüşük. Bəs qadın dərvişlər varmı?

- Tarixdə qadın dərvişlər olub. Lakin onlara qadın olduqları üçün ikiqat təzyiqlər edilib. Məsələn, XIX əsrdə yaşamış Tahirə Qurrətuleyn qadın dərviş olub. Onu öldürüblər.

- Ümumiyyətlə, dərvişliyin digər dini, fəlsəfi, ədəbi cərəyanlardan fərqli olaraq qadınlara baxışı necədir?

- Mövlana məktəbinə dair qaynaqlara görə qadınlar da, səmazənlikdə (Rumi rəqsi) iştirak ediblər. Mövlananın öz xanımı da bu rəqslərdə iştirakçı olub. İrfanda qadınla bağlı baxışlar, dindən daha liberal olub.

- Bu gün Nəsimi, yaxud, Nəiminin davamçıları varmı?

- Anadoluda qalıb və davam edir.

- İran və Türkiyədə dərvişlər qalıb. Azərbaycanda isə onlar demək olar ki, gözə dəymirlər. Bunu nə ilə əlaqələndirmək olar?

- Modern dövrdə universitetlər xanəgahların yerini alıb. Universitetlərdə mütəxəssisləşmək lazımdır. Dərvişlik qədim dövrlərə aid anlayışdır. Lakin məscidlərdən daha mütərəqqidir.

- Güntay bəy, bəs Avropada dərvişlik olubmu?

- Bu haqda məlumatım yoxdur. Ancaq Avropanın ən qədim və ən pis rejimləri Şərq dövlətlərindəki hakimiyyətlərdən daha mədəni olublar. Bunun da əsas səbəbi iqlimdir. Şərqdə su yoxdur, yağış az yağır. Avropada hər tərəf su içindədir, bol yağış yağır, bərəkətli torpaqlar var. Buna görə də XV əsrdən etibarən Şərqdə dərvişlik hərəkatı güclü olduğu halda, Qərbdə fəlsəfi cərəyanlar və məktəblər meydana çıxırdı. Hər bir filosof Şərqdə sufilərin etdiklərini edirdi. Şərqdə heç vaxt inkişaf mərhələləri olmayıb.

Məsələn, antik Yunanıstanda 200 il ərzində böyük siyasi inkişaf baş verdi. Miladdan əvvəl 600-400-cü illər aralığında aristokratiya, krallıq, tiranlıq və demokratiya kimi 4 siyasi inkişaf meyilləri ortaya çıxdı. Şərqdə isə Şumerlərdən günümüzə qədər despotizm, diktatorluq və dini idarəetmə hökm sürür. Belə bir tarixi mühitdə insan rahat yaşaya bilməz. Buna görə də Şumerlərdən bu yana hamı Qərbə sığınmaq istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər