Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumannın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, komitə sədri Səfər Mehdiyev Azərbaycanın müstəqilliyinin ilk illərində yaradılan və Ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq mühüm dövlət təsisatlarından biri kimi formalaşan gömrük orqanlarının Prezident İlham Əliyevin rəhbərliyi dövründə dinamik şəkildə inkişaf etdiyini, iqtisadi təhlükəsizliyin təmin olunması, fiskal siyasətin və xarici iqtisadi fəaliyyətin uğurla həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Xüsusilə, son illərdə dövlət başçısı tərəfindən gömrük sahəsində aparılan islahatlara toxunan Komitə sədri, qısa idxal bəyannamələrinin, risk analizlərinin və "yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsinə şərait yaratdığını qeyd edib.
Hazırda Azərbaycan Gömrük Xidmətinin əsas hədəflərindən birinin Avropa məkanında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük olduğunu vurğulayan Səfər Mehdiyev, bu məqsədlə Avropa İttifaqı, Avropanın aparıcı dövlətləri ilə səmərəli təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb.
DGK sədri bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini bildirib, sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni layihələrin tətbiq olunduğunu, bu məqsədlə Almaniyanın "Smiths Detection" şirkətindən yeni avadanlıqlar alınacağını söyləyib.
Komitə sədri fiskal siyasətin uğurla həyata keçirilməsi, vergi uçotunun dəqiq aparılması, qida təhlükəsizliyinin və şəffaflığın təmin edilməsi məqsədilə əlaqədar dövlət qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu və birgə fəaliyyətin təşkil edildiyini də diqqətə çatdırıb.
Səfər Mehdiyev hazırda qanunvericilik, şəffaflıq, informasiya texnologiyalarının tətbiqi, gömrük nəzarətinin daha da təkmilləşdirilməsi istiqamətində əsaslı islahatların həyata keçirildiyini və Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvlərinin təklif və rəylərinin də ümumi işə fayda verəcəyini vurğulayıb. Dövlət Gömrük Komitəsinin sahibkarlıq subyektlərini birləşdirən qurumlarla daim səmərəli və şəffaf əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verdiyi və Dövlət Gömrük Komitəsi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası üzvlərindən ibarət işçi qrupun yaradılmasının gömrük sahəsində qarşıya çıxan məsələləri operativ və obyektiv şəkildə qiymətləndirmək baxımından faydalı olacağı da diqqətə çatdırılıb.
Sahibkarlıq subyektlərinə münbit şəraitin yaradılması, gömrük sahəsində şəffaflığın təmin olunması məqsədilə görülən işlərin artıq öz bəhrəsini verdiyini bildirən Komitə sədri, indiyə qədər 1000-dən artıq sahibkarla görüş keçirildiyini və bu görüşlərdə korrupsiya ilə bağlı hər hansı şikayətin qeydə alınmadığını vurğulayıb.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann təmsil etdiyi qurumla Azərbaycan Gömrük Xidməti arasında konstruktiv və səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu və bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Tobias Baumann ötən iki ildə təmsil etdiyi qurumun üzvlərinin sayının artdığını vurğulayıb və buna Azərbaycan iqtisadiyyatındakı müsbət inkişafın səbəb olduğunu qeyd edib.
Görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədr müavini Fərid İsayev də çıxış edərək, Palatanın məqsədindən, fəaliyyət istiqamətlərindən danışıb, Azərbaycan hökuməti və gömrük orqanları tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.