Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransadan sonra Almaniyada bir sıra rəsmi görüşlər keçirib.
Bu barədə Teleqraf.com-a komitənin mətbuat xidmətindən məlumat verilib.
Almaniyada yaşayan azərbaycanlılarla müxtəlif mövzularda müzakirələr aparılıb. Komitə sədri əvvəlcə Azərbaycanın Almaniyadakı səfirliyində ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib. Daha sonra Federal Kansler Aparatının idarə rəisi Matthias Lüttenberglə və Almaniya Daxili İşlər Nazirliyinin Qaçqınlar və Miqrasiya məsələləri üzrə müvəkkili Kristian Klosla müxtəlif mövzularda geniş müzakirələr aparılıb. Fuad Muradovun Almaniya səfərı həmçinin azərbaycanlı ailələrlə və orada təhsil alan gənclərlə keçirilən maraqlı görüşlərlə də yadda qalıb. Azərbaycanlı tələbələrlə həm də işgüzar nahar təşkil edilib. Almaniyanın şərq bölgələrində yaşayan azərbaycanlılar və diaspor təşkilatlarının rəhbərləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışılıb. Maraqlı dialoq və müzakirələrlə müşaiyət olunan görüşlərdə azərbaycanlılar onları narahat edən məsələləri dilə gətirib və təkliflərini səsləndiriblər.
Azərbaycan nümayəndə heyəti ölkəmizdən məzun olmuş alman ziyalılarla da görüşüb, onlarla geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.