Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19-u ünvanında yerləşən həyətdəki yaşıllıq sahəsi məhv olmaq təhlükəsi ilə üzləşib.
Bu barədə Teleqraf.com-a sakinlər məlumat veriblər.
Buna səbəb əraziyə verilən suyun kəsilməsidir. Sakinlər (2, 6, 6a,11, 15, 19, 21 binanın sakinləri) bildiriblər ki, artıq 25 gündür ki, həyətə verilən su kəsilib:
“Sakinlərin şəxsi vəsaiti ilə həyətdə uşaqlar üçün oyun meydançası və yaşıllıq salınıb. Çoxlu sayda mədəni bitkilər, nar və gül kolları, meyvə ağacları əkilib. Lakin yeni su xəttlərinin çəkilişi və su sayğacların dəyişdirilməsi ilə əlaqədar həyətə verilən su kəsilib. İllərdir min bir zəhmətlə becərdiymiz 500-dən çox ağac gözümüzün qabağında məhv olur. Aidiyyəti qurumlardan xahiş edirik ki, məsələyə əncam çəksinlər. Həyətə suyun verilməsi bərpa edilsin”.
Sakinlər Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova məktubla müraciət ediblər.
Müraciətdə deyilir:
“Binaların ətrafında yüzlərlə ağac əkib böyütmüşük, öz şəxsi vəsaitimiz hesabına uşaq əyləncə meydançası və sakinlərin istirahəti üçün mini park salmışıq. Sakinlər həmin ərazidə dincəlir, uşaqlar heç bir xərc çəkmədən yelləncək və digər əyləncə qurğularından istifadə edirlər. Dəfələrə müraciət etsək də, aidiyyəti qurumlar ərazinin abadlaşdırılması və yeni avadanlıqların quraşdırılmasına heç bir köməklik etməyiblər.
Hazırda yaşıllıq sahəsinin suvarılması üçün istifadə etdiyimiz su xətti kəsilib. Bu isə tezliklə yüzlərlə ağacın, yaşıllıq sahəsinin quraqlıqdan məhv olmasına səbəb olacaq. Sizdən xahiş edirik ki, əraziyə suyun verilişinin bərpa edilməsi ilə bağlı göstəriş verəsiniz”.