Ramin Hacılıya əlavə ittihamlar həbs olunandan sonra verilib. Həbs olunduğu ay ərzində ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 və 178-2-2-ci maddələri ilə ittiham irəli sürülüb.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Ramin Hacılının anası Hürü Hacıyeva deyib.
Onun sözlərinə görə, əvvəllər Ramin Hacılıdan bir məfər şikayət edib: “Rafael Məmmədov adlı bir adam pulu alıb ölkədən qaçıb. İndi həmin vəsaiti Ramindən istəyirlər. Şikayətçi özü bilir bunu. Amma anlamaq istəmir. Yenə də Ramin öhdəlik götürüb və həmin məbləği ona hissə-hissə qaytarırdı. Ödəməni təsdiqləyən sənəd də var. Niyə cinayət işi açıblar? Ədalətli məhkəmə olsa, işlə ciddi araşdırma aparılsa, onun əsassız həbs olunduğunu görərlər”.
Hürü Hacıyeva bildirib ki, istintaq müddətində oğlunun ev dustaqlığına buraxılmasını istəyir: “İstintaq müddətində Ramin heç olmasa ev dustaqlığına buraxılsın ki, işlərini görə bilsin. Problemlərini həll etməyə çalışsın. Onu istintaq müddətində həbsdə saxlamaqla işini ağırlaşdırmaq istəyirlər. Nəyə lazımdı bu? Çıxsın, işlərini həll eləsin. Mən ümid edirəm ki, hakimlər ədalətli davranar.
Məsul şəxslər imkan verməsinlər ki, oğlumun taleyi heç nədən puç olsun. Mənim oğlum bacarıqlı oğlandı. Çöldə olsa, yarımçıq işlərini görər. Ramin düşmən münasibətə layiq deyil. Xahiş edirəm humanist yanaşsınlar. Həyatdır, hamının başına iş gələ bilər. Mənim oğlum da aldanıb. Ona da o qədər adamın borcu var. Amma Ramin heç kimə pislik etməyib.
Mən anayam, bu baş verənlərə dözə bilmirəm. Burada biz də zərər çəkmişik. Onu buraxsınlar, ədalətli istintaq aparsınlar. Cani deyil, quldur deyil”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ramin Hacılının barəsində olan həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə artırılıb.
İstintaq orqanı tərəfindən Ramin Hacılının barəsində əlavə ittihamlar elan edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittihamlar irəli sürülüb.
Ramin Hacılı həbs olunan zaman isə ona əvvəlcə Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə ittiham edilib.
DSX-nın yaydığı məlumata görə, iyunun 4-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhddinin pozulmasının qarşısı alınıb.
Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıblar.
İlkin araşdırma zamanı Ramin Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, Fəxrəddin Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.
Fəxrəddin Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.
Ramin Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.
Ramin Hacılı ittihamları qəbul etmir, özünü təqsirli bilmir.